Home Gündəm Ceyhun Bayramov britaniyalı səfiri bölgədə mina təhdidləri barədə məlumatlandırıb

Ceyhun Bayramov britaniyalı səfiri bölgədə mina təhdidləri barədə məlumatlandırıb

172
0
SHARE

Dekabrın 9-da xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib. Həmçinin iki ölkə arasında enerji, nəqliyyat-tranzit, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Ölkələrimiz arasında iqtisadi sahədə əldə olunan nailiyyətlərin olduqca əhəmiyyətli və Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici investor olduğu vurğulanıb.

Nazir, həmçinin müqabil tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumatlandırıb. Eyni zamanda, bölgədə mina təhdidləri və üçtərəfli bəyanatların və əldə olunmuş razılıqların Ermənistan tərəfindən yerinə yetirilməməsi faktları diqqətə çatdırılıb.

Səfir Fergus Auld ölkələrimiz arasında müstəqillikdən bəri davam edən sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi xüsusi qeyd olunub. Səfir mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.