Home Gündəm Sahibə Qafarova Asiya Parlament Assambleyasının plenar sessiyasında çıxış edib

Sahibə Qafarova Asiya Parlament Assambleyasının plenar sessiyasında çıxış edib

132
0
SHARE

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Asiya Parlament Assambleyasının “Dəyişən qlobal dinamiklərdə çoxtərəfliliyin təşviqi” mövzusunda keçirilən 13-cü plenar sessiyasında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sessiya iştirakçılarını salamlayan Milli Məclisin spikeri Türkiyə Böyük Millət Məclisinin Asiya Parlament Assambleyasına son 5 ildəki rəhbərliyini qardaş Türkiyənin çoxtərəfliliyə, həmrəyliyə və parlamentlərarası əməkdaşlığa sadiqliyinin açıq ifadəsi kimi yüksək qiymətləndirib.

Müasir dünyamızın həlli mürəkkəb çağırışlarla üzləşdiyini deyən spiker insan həyatının bütün sahələrinə təsir göstərən yoxsulluq, humanitar böhranlar, siyasi və sosial gərginlik, iqtisadi bərabərsizlik və iqlim dəyişikliyi kimi problemlərin COVID-19 pandemiyası dövründə daha da kəskinləşdiyini qeyd edib. Dünya birliyinin bu problemlərlə bağlı qəbul etdiyi yanaşmaları son iki ilin əsas nəticələri kimi dəyərləndirən sədr vurğulayıb ki, vaksin millətçiliyi, ədalətsiz iqtisadi üstünlüklərin əldə olunması kimi tendensiyalar bəzi böyük ölkələr tərəfindən tətbiq edilmiş birtərəfli addımların səmərəsizliyini nümayiş etdirib.

Sahibə Qafarova bildirib ki, postpandemiya dövrü və onun sərt reallıqları kontekstində dialoq, həmrəylik və birlik əvvəlkindən də daha böyük əhəmiyyət daşıyır. Keçmiş təcrübələr bizə çoxtərəfliliyə alternativin olmadığını göstərdi. Bugünkü çağırışlara cavab vermək üçün çoxtərəfliliyin ciddi şəkildə təkmilləşdirilməsinə ehtiyac var, lakin biz yalnız səylərimizi birləşdirərək və beynəlxalq əməkdaşlığa sadiq qalaraq mürəkkəb problemlərin həlli yollarını tapa bilərik. Sədr məhz bu məqamda parlament diplomatiyasının öz potensialını tam ortaya qoymaq imkanı əldə etdiyini, son illərdə öz əhəmiyyətini nümayiş etdirən beynəlxalq parlament platformalarının kollektiv səyləri və birgə fəaliyyətləri dəstəkləyərək çoxtərəfliliyin vacib elementinə çevrildiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, parlament əməkdaşlıq platformaları xalqın nümayəndələri olan millət vəkillərinin bəşəriyyəti narahat edən problemlərin həlli yollarını tapmaq məsuliyyətinin və daha yaxşı dünya naminə birlikdə işləmək əzminin təzahürüdür.

Bu mənada, Asiya Parlament Assambleyasının oynadığı rola toxunan Sahibə Qafarova bu təsisatın Asiya parlamentləri arasında yaratdığı dialoq zəmini, yaxın əməkdaşlıq imkanları barədə danışıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi bildirib ki, Parlament Şəbəkəsi də eyni baxışı və prinsipləri bölüşür, ümumi məqsədlərə çatmaq üçün Asiya Parlament Assambleyası ilə əməkdaşlıq etməyə hazırdır.

Bugünkü çoxtərəfli sistemin bütün ölkələrə fayda gətirəcək ciddi təkmilləşdirmələrə ehtiyacı olduğunu bir daha qeyd edən Sahibə Qafarova beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmasının, beynəlxalq təşkilatların ikili standartlardan çəkinməsinin əhəmiyyətini vurğulayıb. Bu, müasir beynəlxalq münasibətlər sisteminin tələbidir, lakin eyni zamanda ədalət və səmimiyyətin bərqərar olması üçün də zəruridir.

Çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasından söz açan spiker bildirib ki, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. Ermənistan bu ərazilərdə etnik təmizləmə həyata keçirib. Həm mülki, həm də hərbçi olan 4 minə yaxın Azərbaycan vətəndaşı hələ də Birinci Qarabağ müharibəsi ilə əlaqədar itkin düşüb. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb.

Milli Məclisin sədri bu məqamda bir sıra tarixi faktlara toxunub. O, Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından hətta münaqişə başlamazdan öncə qovulduğunu deyərək, tarixi xəritələrin və sənədlərin də müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşadığını sübut etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Spiker bildirib ki, tarixi şəhərimiz İrəvan 1918-ci ildə Ermənistanın paytaxtı elan edilib. 1920-ci ildə isə sovet hökumətinin qərarı ilə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. Bu da Azərbaycanın öz Naxçıvan regionu və Türkiyə ilə coğrafi əlaqəsinin kəsilməsinə gətirib çıxarıb.

Bu ərazilərdə yaşayan azərbaycanlıların 20-ci əsrdə bir neçə dəfə deportasiyaya məruz qaldığını qeyd edən spiker deportasiyaların son mərhələsinin 1988-1991-ci illərdə baş verdiyini deyib. Qarabağda olduğu kimi, erməni tərəfi Qərbi Azərbaycanda da tarixi irsimizi məhv etmək məqsədi ilə ardıcıl olaraq bütün tarixi və dini abidələrimizi dağıdıb, Azərbaycan mənşəli şəhər və kəndlərin adlarını dəyişdirib.

Ermənistanın Azərbaycan torpaqlarını işğalı mövzusunu davam etdirən sədr xatırladıb ki, bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışıb. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilmədi. Lakin biz bilirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir neçə saat və gün ərzində icra edilir. Azərbaycana gəldikdə isə, onlar 27 il ərzində yerinə yetirilməmiş qaldı. Spiker təəssüflə bildirib ki, beynəlxalq təşkilatlar təcavüzkar dövlətə qarşı heç bir sanksiya da tətbiq etmədi.

Sədr bildirib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etməklə və üç minə yaxın şəhidin həyatı bahasına BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirərək, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Artıq keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması prosesi başlayıb. Parlamentin rəhbəri Qərbi azərbaycanlıların hüquqlarının da bərpa olunacağına və onların öz doğma torpaqlarına geri qayıdacaqlarına olan qəti inamını tədbir iştirakçıları ilə bölüşüb.

Sədr diqqətə çatdırıb ki, işğalın qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi üçün səy göstərir və Ermənistana münasibətləri normallaşdırmağı və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozur. O, hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb və Laçın yolundan hərbi məqsədlər – minaların basdırılması və Azərbaycanın talan edilən təbii sərvətlərinin daşınması üçün istifadə edir. İşğal illərində Ermənistan bu ərazilərdə 1 milyondan çox mina basdırıb və bu işi hələ də davam etdirməkdədir. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 280 nəfərə yaxın azərbaycanlı öldürülmüş və ya ağır yaralanmışdır. Danışıqlarda destruktiv mövqe nümayiş etdirən Ermənistan götürdüyü öhdəliklərə baxmayaraq, kommunikasiya və nəqliyyat marşrutlarının açılması prosesini də pozur. Sədr bildirib ki, Asiyanı Avropa ilə birləşdirən Orta dəhliz boyunca yeni nəqliyyat marşrutu olacaq Zəngəzur dəhlizinin açılması regionda və onun hüdudlarından kənarda nəqliyyat və ticarət sahəsində əməkdaşlığı xeyli dərəcədə genişləndirəcək.