Türkiyədə baş vermiş zəlzələni biz öz kədərimiz, öz dərdimiz kimi qəbul edirik. Bunun ən gözəl nümayişi ondan ibarətdir ki, bu gün Azərbaycanın hər bir bölgəsindən insanlar dayanmadan evlərindən hansısa bir məntəqələrə yardım gətirirlər. Kimisi əynindən isti geyimini gətirərək dəstəyini nümayiş etdirir.
TAN.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
Bu gün minlərlə könüllünün Azərbaycandan Türkiyəyə gəlmək istədiyinə diqqət çəkən nazir bildirib: “Onların bu gün buraya gəlməməyinin tək bir səbəbi ondan ibrətdir ki, bu, çox çətin əməliyyatdır. Burada bütün qurumlararası bir koordinasiya olmalıdır. Həddindən artıq çox insanın bir yerə toplaşması o demək deyil ki, dərhal onlar bir işə töhfə verəcəklər. Yalnız bu səbəbdən könüllülərin zəlzələ bölgəsinə planlı şəkildə gəlməsi üzərində iş gedir. Bu gündən etibarən Azərbaycandan olan könüllülər də hissə-hissə Türkiyəyə gələcək, onlar da bu əməliyyatlara qatılacaqlar.