Home Gündəm Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

146
0
SHARE

1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xusrav Noziri ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüş zamanı İƏT-də 2023-cü il ərzində Azərbaycanın sədrliyi dövründə təşkilatın strategiya və proqramlarının icrası məsələləri, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi, İƏT çərçivəsində əməkdaşlıq müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT-in 2023-cü il üzrə “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan sədrliyi çərçivəsində prioritet və planları, ölkəmizin ev sahibliyi ilə təşkil edilməsi planlaşdırılan tədbirlərin həyata keçirilməsi və sədrliyimizdən irəli gələn digər öhdəliklərin icrası barədə qarşı tərəfə ətraflı məlumat verib. Ölkəmizin bir sıra İƏT üzv dövlətləri ilə geniş əməkdaşlıq əlaqələrinə malik olduğu, həmçinin beynəlxalq platformalarda, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə danışıb, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyəti, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən işləri diqqətə çatdırıb.

Görüş zamanı nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib.

Baş katib Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni və 2023-cü il üzrə sədrliyini yüksək qiymətləndirib, enerji və iqtisadi bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyini vurğulayıb. Həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.