Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşüb.
TAN.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə Fələstin arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.
İki xalq arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostuq münasibətlərinin olduğunu qeyd edən nazir Ceyhun Bayramov Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafı üçün yeni imkanlar yaradacağına əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini diqqətə çatdıraraq, ölkəmizin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu vurğulayıb.
Ceyhun Bayramov Ermənistanın 30 il ərzində işğalçılıq siyasəti və əməlləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, sülh gündəliyinin reallaşması istiqamətində tərəfimizdən görülən tədbirlər, bərpa-quruculuq işləri barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə zidd təxribatları və sülhün təmin edilməsi istiqamətində çətinliklər yaratması, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi barədə faktlar diqqətə çatdırılıb.
Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ölkəsinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. O, ölkəmizin Fələstinə göstərdiyi humanitar yardıma, Fələstin məsələsinə ayırdığı diqqətə və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Baş nazir İsrail-Fələstin münaqişəsi çərçivəsində yaşanan çətinliklər barədə ətraflı məlumat verib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.