Terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamları qəbuledilməz və cəfəngiyyatdır.
TAN.AZ xəbər verir ki, bu fikirləri müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 1-də keçirdiyi xidməti müşavirədə söyləyib.
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayıb.
Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.
Zakir Həsənov qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.