Home Gündəm Rəssamın Könül dünyası

Rəssamın Könül dünyası

564
0
SHARE

Həyat möcüzəli bir aləmdir. Bu aləmi yazıçı və şairlər öz bədii, poetik əsərləri ilə əks etdirdiyi kimi, rəssamlar da yaratdıqları müxtəlif tablolarda onu verə bilirlər. İstedadlı rəssam insan qəlbini riqqətə gətirən təbiətin ecazkar lövhələrini elə məharət və ustalıqla təsvir edir ki, izləyici bu təsvirə heyran qalır. O bu rəsmlərlə insanın mənəvi aləmini, onun könül dünyasını zənginləşdirir, dolğunlaşdırır. Əlbəttə, yalnız xalqına, millətinə, vətəninə, dövlətinə, torpağına bağlı olan, onu dərin və ülvi məhəbbətlə sevən rəssamlar bunları yaratdıqları əsərlərdə dolğun verə bilirlər. Belə rəssamlardan biri həm Azərbaycanda, həm də qardaş Türkiyədə məşhur olan, Vətən müharibəsində ön cəbhədə baş verənləri öz əsərləri ilə ictimaiyyətə çatdıran, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Veteran Tankçılar Birliyinin fəxri üzvü, Gürcüstan Respublikası Rəssamlar Birliyinin Yaradıcılıq İttifaqının fəxri üzvü Ülkər Əbülfətqızıdır.

Ülkər Quliyeva Beyləqan rayonunda dünyaya gəlib. Çox sadə, mehriban və səmimi bir xanımdır. Orta təhsilini Beyləqan şəhər 1 saylı tam orta məktəbində alıb. Sonra o, təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.

Ülkər xanımın çəkdiyi rəsmləri həyəcansız seyr etmək mümkünsüzdür: o, fırçasından “doğulan” rəsmlərə sanki ürəyinin səsini, qəlbinin titrəyişini verib. Və bir daha əmin olursan ki, istedadlı rəssam həqiqətən də, öz könül dünyasını çəkdiyi rəsmlərə köçürməyi bacarandır. Bu isə onun uğuru, ən böyük qələbəsidir…

Düşündüm ki, mənəvi dünyası mənə  çox doğma və yaxın olan bu xoşsimalı rəssamla – Ülkər xanımla söhbətləşib ondan müsahibə almaq oxucularımız üçün də maraqlı olardı…

– Ülkər xanım, necə oldu ki, rəssamlığı seçdiniz, daha doğrusu, bu arzu sizdə necə yarandı?

– Hələ uşaqkən evdə mənə rəsm çəkmək üçün çoxlu kağız, karandaş alırdılar. Mən də gördüklərimi kağız üzərinə köçürürdüm. Nar ağacının çiçəklərini, otları və təbiətdən bir çox çiçəkləri yığırdım. Onların şəkillərini çəkirdim. Anam da çəkdiklərimi saxlayırdı.

Uşaqlıq illərim doğulduğum rayonda keçib. Beyləqan cəbhə zonasına yaxın olduğundan müharibənin başlaması orada daha çox hiss edilirdi. Hər gün güllə səsləri eşidirdik. Oxuduğum 1 saylı tam orta məktəbin stadionunda bomba partlamışdı, şüşələr çilik-çilik olub üzərimizə səpələnmişdi.

Müharibə dövründə şəhid olmuş qocaları, əsgərləri, hətta uşaqları da gördüm. Bütün bu yaşadıqlarım yaradıcılığıma çox təsir etdi. İllər keçdi, yaşa dolduqca içimdən gələn bir səs məni rəssam olmağa səsləyirdi sanki…

Orta məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına verdim və qəbul oldum. Sonralar anladım ki, rəssamlıq mənə Allahdan verilən bir vergi imiş. Sənətimi sevirəm və onun vurğunuyam.

– Siz çox istedadlı rəssamsınız. İstərdim ki, bizə bir az da rəsm çəkərkən hansı metodlardan istifadə etmənizdən danışasınız.

– Təvazökarlıqdan uzaq olsa da, rəssamlıq sənətinin bütün sahələrində işləmək bacarığına malikəm. Əsərlərimi yağlı boya ilə çəkirəm, amma məni daha çox qrafika üzərində portret maraqlandırır. Son dövrlər bu janr rəssamlar arasında daha məşhurdur. Bu daha çox şou xarakteri daşıyır. Yağlı boyaya nisbətən tez başa gəlsə də, bunun da öz çətinlikləri var. Səhnədə qrafika üzərində yapışqan və zərlə işləmək bir az təhlükəlidir. Çünki zəri atdığın an zər tutmaya bilər və bu zaman tamaşaçıların önündə çıxılmaz vəziyyətə düşə bilərsən. Şükürlər olsun uca Rəbbimizin böyüklüyünə ki, hələ başıma belə bir iş gəlməyib. Bununla bərabər işlədiyin portretin xarakterini düzgün vermək lazımdır ki, istədiyin obrazı canlandıra biləsən.

– Ustad şairimiz B.Vahabzadə şəhidlərimizə ithafən yazır:

İnsan insan olur öz hünərilə,

Millət millət olur xeyir, şərilə.

Torpağın bağrına cəsədlərilə

Azadlıq toxumu səpdi şəhidlər.

Şəhidlərimizin xatirəsi hər birimiz üçün doğmadır, əzizdir. Dinimizə görə, şəhidlik ən yüksək zirvədir. Bu məqama çatan cənnətlə mükafatlandırılır. Sizin də vətənpərvər bir xanım olmağınız heç kimə sirr deyil. İstərdik, şəhidlərimiz haqqında çəkdiyiniz rəsmlərdən də bəhs edəsiniz.

– Bəli, dinimizə görə, şəhidlik ən yüksək zirvədir. Şəhidlər xalqımızın qəlbində əbədiyaşar bir ömür qazanırlar. İllər ötəcək, əsrlər keçəcək, onlar heç vaxt unudulmayacaqlar.

Onu da deyim ki, bu günə qədər 600-dən çox şəhidin rəsm tablosunu çəkmi­şəm – Allahverdi Bağırov, Raquf Orucov, Asif Məhərrəmov, Mübariz İbrahimov, Polad Həşimov və başqalarının. Evimizdə şəhidlərimizin rəsmlərini işləyirəm. Bunu mənə heç kəs demir. Özüm sevərək edirəm. Şəhidlərimizin portretlərini hazırlamışam. Həm ölkəmizdə, həm də ölkəmizdən kənarda sərgilər təşkil etmişəm. Gücüm çatanı, əlimdən gələni qəhrəmanlarımız və şəhidlərimiz üçün əsirgəməmişəm.

Hər bir əsəri çəkməzdən əvvəl onun araşdırmasını aparıram. Bəzən əsgər forması geyinir, bəzən əsgərlərə qoşulub tank sürür, bəzən də çəkdiyim hansısa bir şəkillə günlərlə “danışıram”. Evimizin divarlarını rəsmlərlə doldurmuşam. Bəzən gecələr qalxıb onlarla sanki danışıram. Şəhidlərin portretlərini hazırlamaq mənim həm də mənəvi borcumdur. Əsərləri işləyərkən heç bir maddiyyat ummuram, amma elə insanlar var ki, çəkdiyim tabloları özlərininki kimi qələmə verməyə çalışırlar.

– Azərbaycanla bərabər, qardaş ölkədə də sevilirsiniz, sizə xüsusi diqqət və hörmət var. Türkiyədəki sərgilərinizlə bağlı təəssüratlarınız maraqlı olardı.

– 2000-ci ildə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərimiz ölkə daxilindən – Biləsuvar rayonundan başlayıb, Quba, Goranboy, Gəncə, Bakı şəhərlərində keçirildikən sonra qonşu Gürcüstan Respublikasının Tbilisi şəhərində davam etdi. Kulminasiya nöqtəsini isə Türkiyənin İstanbul, Ankara şəhərlərində və Böyük Millət Məclisində davam etdirdim.

Həmin sərgidə əsərlərimizdən cənab Rəcəb Tayyib Ərdoğana hədiyyə vermək qərarına gəldim. Lakin o zaman özü orada olmadığından rəsmlərimizi Türkiyə Böyük Millət Məclisi başçısı Mustafa Şentopa təqdim etdim. Türkiyədə olanda 500-dən artıq jurnal çap etdirdim. 75 ölkədən nümayəndə iştirak edirdi, jurnalları onlar arasında payladım. Məqsədim Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq idi. Bunlarla yanaşı, vətənpərvərlik mövzusunda tədbirlər də təşkil etmişəm və onların böyük əksəriyyətinin layihə rəhbəriyəm.

İstanbulda hazırladığımız tədbirlərin birində çıxış edərkən göz yaşlarımı saxlaya bilmirdim. Şəhidlərin valideynləri, əzizləri nələr çəkirlər!

Türkiyənin Cizrə bölgəsində beynəlxalq sərgiyə dəvət olunmuşdum. Sərgidə müxtəlif ölkələrdən rəssamlar iştirak edirdi. Orada Cizrə valisi tərəfindən diplomla təltif olundum. Onu da deyim ki, Cizrə müharibə bölgəsidir, bizim təhlükəsizliyimizi qorumaq üçün xüsusi mühafizə ayrılmışdı.

– Sizə aid bir xoş xəbəri də İzmir valisinin köməkçisi cənab Faiq Aricandan aldım. O bildirirdi:

– Dəyərli Ülkər xanım valiliyimizin qonağı olaraq gəldiyi İzmirdə həm şəxsiyyət kimi, həm də alicənab bir rəssam kimi gözoxşayan sənət əsərləri ilə adına layiq şəkildə özünü göstərdi. İzmir valiliyində keçirilən “Yenilmez kardeşlik” sərgisi başda İzmir valisi Yavuz Səlim Köşgerin, bütün İzmir rəsmilərinin və izmirlilərin çox böyük maraq və sevgisini qazanmışdır. Ülkər xanım həm də istedadını, sənətini Türkiyə–Azərbaycan qardaşlığına, onların birliyinə, bərabərliyinə, gələcəyinə həsr etmiş, könül elçisi olan çox dəyərli türk qadınıdır. Onu da qeyd edim ki, bu xanımın gördüyü və görəcəyi işlər iki dövlət arasında olan səmimi və güclü əlaqələri daha da möhkəmləndirəcək.

– Sizin ən məşhur və dəyərli əsərlərinizdən biri də Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunovun 175 santimetr uzunluğu və 280 santimetr eni olan tablosudur. İstərdik ki, həmin əsər barədə də oxucularımıza məlumat verəsiniz.

– Əsərin ideya müəllifi özüməm. Onun üzərində çox çalışdım. Əsərdəki T-72 tankını çəkmək üçün xeyli araşdırma apardım. Tankı canlı gördüm. Onun içinə girdim. Tankın içi həm çox dar, həm də çox isti idi. Düşünün, qışın soyuğunda, yayın istisində zabitlərimiz, əsgərlərimiz hərbi geyimdə o tankın içində saatlarla qalırlar. Mən o tankı görməsəydim, hiss etməsəydim, onu çəkə bilməzdim. Uşaqlıq illərindən Milli Qəhrəmanımız Albert Aqarunovun rəsmlərinə baxırdım. Onun işlətdiyi bir ifadə diqqətimi çəkmişdi: “Mən azərbaycanlı olmasam da, bu torpaqda yaşayıram, bu torpağı qoruyacam. Müharibə bitməsə, getməyəcəm”. Ona görə də əsərimin də adını “Mən bu torpaqda yaşayıram” adlandırdım. Bu əsərdə 23 yaşlı şəhidimizin obrazında çəkdiyi əzab-əziyyəti verməyə çalışmışam. Onun simasını videodan götürmüşəm. Üzərində çox eskiz etmişəm. Havanı və təbiəti şəhid olduğu aya uyğun göstərmişəm. Arxasında Şuşa qalasını, sol tərəfdə vurduğu iki tankın görüntüsünü vermişəm. Çünki o, bir atışla iki tankı vurmuşdu. Həmin əsər dağ yəhudilərinin sinaqoqunda saxlanılır. Haqqında danışdığımız əsərə görə Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş mükafata layiq görülmüşəm. Əsərin üzərində 6 ay işləmişəm. Əslində, 1 il çalışmalı idim. Vaxt çox az idi. Beynəlxalq Muğam Mərkəzində Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyi ilə bağlı təşkil olunan “Qarabağa qayıdış ümidi ilə” sərgisində həmin əsər də nümayiş olundu. Onu da qeyd edim ki, sözügedən sərginin layihə rəhbəriyəm. Orada İsrailin səfiri, İsraildən gələn qonaqlar var idi. Təntənəli açılış oldu. İsrail dövləti də öz tərəfindən yubiley tədbirlərində fəal iştirakıma görə məni mükafatla təltif etdi.

P.S. Burada Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin Ülkər xanım haqqında dedikləri yada düşür:

– Ülkər xanım vətənini, xalqını sevən, onun uğurlarına sevinən, ağır günlərində həmişə xalqı ilə bir yerdə olan insandır. Axı dünya yaxşı insanların çiynindədir. Ülkər xanım da həmin insanlardandır. O, incə bir xanım olmaqla Azərbaycanın bugünkü həqiqətlərini dünyaya tanıtmaq üçün bütün qüvvə və bacarığını sərf edir. Bunları ancaq və ancaq öz istəyi ilə etmişdir. Ülkər xanım öz xoşbəxtliyini gördüyü təmənnasız  işlərdə tapır. O həm də xoşbəxtliyini xalqın zəfərində, Azərbaycanın çiçəklənməsində, onun dünyada qalib kimi tanınmasında görür. Azərbaycan cənnətməkan bir yerdir. Bu dövləti yaşadanlar isə onun sağlam düşüncəli oğul və qızlarıdır. Onlardan biri də Ülkər xanımdır. Ülkər xanım o insanlardandır ki, xoşbəxtliyini xalqının, millətinin, dövlətinin səadətində, özündən sonra xeyirxah bir iz qoymasında görür.

– Bir çox ölkələrin sərgilərində iştirakçı olmusunuz. Qarabağ həqiqətlərini dünyada tanıtmaq üçün bir rəssam kimi əlinizdən gələni etmisiniz. İstərdik ki, bu barədə də fikirlərinizi bizimlə bölüşəsiniz və yeni layihələrinizdən danışasınız.

– İstəyirəm, iştirak etdiyim sərgilərdə tək olmayım, digər rəssamları da tanıdım. Çünki istedadlı sənətkarlarımızın bütün dünyada tanınmasına çalışıram. Qoy bu torpaqda necə istedadlı rəssamlar yetişdiyini bütün dünya görsün. Ölkəmizdə elə rəssamlar var ki, dünyanın ən məşhur rəssamları ilə rəqabət apara bilərlər. İşlədiyim əsərlər vasitəsilə çalışıram ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırım. Çünki sərgidə iştirak edən xarici vətəndaş bir rəsm əsəri, yaxud da bir tablo alırsa, görün bu nə deməkdir? Bir tablo illərlə, əsrlərlə qorunub saxlanır. Həmin əsərə baxanlar isə erməni vandallarının azərbaycanlılara qarşı törətdiyi qətliamlar və soyqırımılar haqqında məlumatlı olacaqlar.

Layihəyə gəlincə, hazırda 200-dən çox şəhidimizin portreti üzərində işləyirik. Onun koordinatoruyam. Layihə dövlət səviyyəsində olacaq. Bununla yanaşı, Qarabağ mövzusunda tarixi əsər üzərində işləyirəm, digər layihələrim də var. Onları münasib bir vaxtda ictimaiyyətə çatdıracam.

– “Qarabağ atları, Qarabağ xalçasının izi ilə” əsəriniz daha çox diqqətimi çəkdi. Necə oldu ki, adıçəkilən əsər üzərində işləmək qərarına gəldiniz?

– Bir çox sərgilərdə görürdüm ki, sənət dostlarım Qarabağ atlarının real şəklini çəkib nümayiş etdirirlər. Qrafik formasında çəkənlər də var idi. Mən də düşünürdüm ki, onlardan fərqli olaraq necə bir dolğun əsər çəkə bilərəm? 4-5 il bu haqda götür-qoy etdikdən sonra məndə “Qarabağ atları, Qarabağ xalçasının izi ilə” ideyası formalaşdı.

Yaratdığım əsərdə şahə qalxmış atları rəngli boya, arxa fonu isə qrafika ilə işləmişəm. Rəngkarlıqla qrafikanı qarışdırdım və bir arada sintez etdim, sonra isə çəkdim. Şahə qalxmış atların birinin üzərində, gördüyünüz kimi, xalça, digərində isə kilim var. Kilimlə xalçaya gəlincə isə atlardan birində xalça naxışları çəkdim və o birinin üzərində kilim təsvir etdim. Xalça ilə kilim burada sevinc və kədəri əks etdirir.

– Müsahibələrinizin birində bildirmişdiniz: “Arzulayıram, növbəti əsərlərimi Qarabağda işləyim. Daha şəhid rəsmi işləmək istəmirəm. Bu bir əzabdır. Əsgər və zabitlərimiz səngərdə vuruşurlar, qələm və fırça əhli də arxa cəb­hədə vuruşmalıdır”. Qarabağ alındı, arzunuza çatdınız. Hətta Qarabağda etüdlər də çəkdiniz. İndi hansı arzularla yaşayırsınız?

– Arzular tükənməzdir. Bəxtiyar Vahabzadə gözəl deyib:

Quş qanadla uçar, insan diləklə,

Yatır hər ürəkdə min-min arzular.

Bəli, arzularım çoxdur. Yəqin ki, onlar gələcək əsərlərimdə öz əksini tapacaq.