Home Gündəm Jalə Əhmədova: “Azərbaycan-Qazaxıstan əlaqələri günbəgün daha da inkişaf edir”

Jalə Əhmədova: “Azərbaycan-Qazaxıstan əlaqələri günbəgün daha da inkişaf edir”

792
0
SHARE

Prezident İlham Əliyevin bir neçə gün əvvəl aprelin 10-da Qazaxıstan Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan yaxın əlaqələrin daha da güclənməsinə yeni töhfə oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirdi ki, Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Qeyd olundu ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında və cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamələr dostluq və müttəfiqlik münasibətlərimizin inkişafına xidmət edir.

Cənab Prezident bildirdi ki, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər. Biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsini artırmalıyıq.

Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

Prezident İlham Əliyev onu da qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif edib. Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək. Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.

Səfər çərçivəsində Prezident İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində də çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı, Ulu Öndərin həyatının müəyyən dövründə haqsızlığa, təzyiqlərə məruz qalması, onun səyləri nəticəsində xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısının alınması, onun türk dünyasını birləşdirmək sahəsindəki fəaliyyəti barədə faktları diqqətə çatdırdı. Cənab Prezident qeyd etdi ki, Ulu Öndərin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb.

Səfər çərçivəsində, həmçinin iki ölkə arasındakı əlaqələrin müxtəlif sahələrini əhatə edən bir sıra sənədlər də imzalandı. Əminliklə deyə bilərik ki, bu sənədlər xalqlarımızın maraqlarını qorumaqla yanaşı, həm də onların firavan gələcəyinə öz töhfələrini verəcəklər.