Home Gündəm Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi

Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi

89
0
SHARE

Mayın 6-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfrans keçirilib.

TAN.AZ xəbər verir ki, əvvəlcə Baş nazir Əli Əsədov Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra konfrans “Gülüstan” sarayında işə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotosərgi ilə tanış olublar.

Dövlət və hökumət rəsmilərinin iştirak etdikləri konfransda Baş nazir Əli Əsədov açılış nitqi ilə çıxış edib. Əli Əsədov dünyaşöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazıldığını bildirib. Qeyd edilib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsinə seçilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə irimiqyaslı quruculuq və dinamik inkişaf illəri kimi daxil oldu. Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək, Azərbaycanı keçmiş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxardı, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirdi.

Baş nazir vurğulayıb ki, müstəqillik dövründə Ulu Öndər respublikanı böyük təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı. Məhz Heydər Əliyevin qətiyyəti və yorulmaz səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyuldu, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilərək bütün sahələr üzrə dinamik inkişaf təmin edildi. Dözülməz vəziyyətdə yaşayan bir milyondan çox qaçqın və məcburi köçkün məhz Ulu Öndərin davamlı diqqəti və yorulmaz səyləri nəticəsində dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər öz həllini tapmağa başladı.

Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyasına diqqət çəkən Baş nazir bildirib ki, bu sahədə növbəti mühüm addım hasil olunan neftin dünya bazarlarına nəql edilməsi idi. Heydər Əliyevin 2002-ci ildə təməlini qoyduğu, Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsasını təşkil etdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri daha da genişləndirilərək nəhəng “Şahdəniz” layihəsi üzrə qazın nəqli üçün Cənub Qafqaz Boru Kəməri, TANAP, TAP kimi transmilli arteriyaların yaranmasına gətirib çıxardı: “Bu, təkcə Azərbaycan neftinin Avropa və dünya bazarlarına çıxışı deyil, Azərbaycanın özünün dünyanın siyasi səhnəsinə çıxışı idi. Neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, respublikamız qlobal və regional miqyasda etibarlı tərəfdaş və söz sahibi olan qüdrətli ölkəyə çevrildi. İrimiqyaslı neft və qaz layihələri ilə yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan dünyanın logistika və nəqliyyat mərkəzlərindən birinə çevrildi”.

Bildirilib ki, bu gün Heydər Əliyevin ideya və siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli yanaşması və ardıcıl islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli ölkəyə, regionda və dünyada öz mövqelərini inamla möhkəmləndirən nüfuzlu dövlətə çevirib.

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının sədri Arif Rəhimzadə, energetika naziri Pərviz Şahbazov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar.

Çıxışlarda Ulu Öndərin təşəbbüsü ilə ölkədə sosial-iqtisadi, aqrar və digər sahələrdə aparılmış əsaslı islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsasının qoyulduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini yaradan dahi şəxsiyyətdir. O, qəbul etdiyi hər bir qərarında Azərbaycanın gələcəyi üçün çalışırdı. Hələ sovet dövründə dahi rəhbərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı keçmiş SSRİ-nin çox nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf etdi və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrildi.

Diqqətə çatdırılıb ki, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyin başlanğıcında ölkəmizdə makroiqtisadi sabitlik pozulmuş, hiperinflyasiya baş vermiş, əhalinin istehlak malları ilə təminatında ciddi çətinliklər meydana gəlmişdi. Keçmiş ittifaq dövlətinin iqtisadi mexanizmlərinin işləməməsi, təsərrüfat əlaqələrin pozulması səbəbindən dövlət müəssisələrinin əksəriyyəti öz fəaliyyətlərini dayandırmışdı. Heydər Əliyev özünün zəngin bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirdi. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri – azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, sənayenin inkişafı və sosial infrastrukturun yenilənməsi prioritet olaraq seçildi. İqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli mühit yaradıldı, qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi. Azərbaycanda torpaq islahatı da Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə aparılmış aqrar islahat nəticəsində kolxoz və sovxozlar ləğv edilərək, torpaqları torpaq payı almaq hüququ olan şəxslərə paylanıldı. Nəticədə 3 milyon 400 min Azərbaycan vətəndaşını torpaq mülkiyyətçisinə çevrildi.

Vurğulanıb ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Ümummilli Lider hər zaman torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını əminliklə bildirirdi. Bu missiya Ulu Öndər irsinin davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış ərazilərimizin azad edilməsi, burada etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına geri qayıtması həm siyasi, həm strateji, həm də çox böyük mənəvi əhəmiyyət daşıyırdı. Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımızda bu gün Üçrəngli Bayrağımız qürurla dalğalanır, ərazilərimiz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir.

Bildirilib ki, Azərbaycanın postmünaqişə dövründə regiondakı sülh səyləri xarici siyasət xəttində yeni dövrün başlanğıcının göstəricisidir. Otuz ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həlli, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ikitərəfli və çoxtərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hazırkı mürəkkəb şəraitdə bərabərhüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsipial xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.

Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən Azərbaycana lazım idim” adlı film nümayiş etdirilib.

Qeyd edək ki, tədbir çərçivəsində Ulu Öndərin 100 illiyi münasibətilə hazırlanmış markaların təqdimatı olub. Bu markalar arasında say cəhətdən məhdud olan və hər biri nömrələnmiş bir markadan ibarət blok cəmi 2000 tirajla Berlində yerləşən “Bundesdruckerei” nəşriyyat evində çap olunub. Markanın tərtibatına xüsusi diqqət yetirilib. Belə ki, poçt blokunun üzərində Heydər Əliyevin fotosu və onun dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sitatı qızılı folqa ilə basma üsulunda çap olunub. Markanın nominal dəyəri 10 manatdır.

Qeyd edək ki, konfransdan sonra Nazirlər Kabinetinin binasında Ümummilli Lider Heydər Əliyevin barelyefinin açılışı olub.