Home Gündəm Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi...

Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib

79
0
SHARE

Mayın 16-da Milli Məclisin inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici ölkələrin nümayəndələri yubiley iclasından əvvəl sərgi ilə tanış olublar.

Əvvəlcə qonaqlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən və simvolik olaraq 100 fotodan ibarət fotosərgiyə baxıblar. Bildirilib ki, 8 bölmədən ibarət fotosərgidə Heydər Əliyevin uşaqlıq və gənclik illərindən başlamış dövlət təhlükəsizliyi orqanlarında çalışdığı, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, keçmiş SSRİ-nin rəhbərliyində təmsil olunduğu, həmçinin Naxçıvanda yaşadığı, Azərbaycan parlamentinin sədri olduğu və ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrlərə dair fotolar öz əksini tapıb. Qonaqlara Heydər Əliyevin dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın ən taleyüklü məqamlarında göstərdiyi siyasi müdrikliyi, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə də məlumat verilib.

Sonra qonaqlar Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyevanın Ulu Öndər Heydər Əliyevə həsr etdiyi və yeni üslubda çəkilmiş rəsm əsərləri ilə tanış olublar.

Məlumat verilib ki, “Heydər Əliyev”, “Şuşa, sən azadsan”, “Turan ruhu”, “Nuh tufanı” və digər rəsm əsərlərində simvolikadan, mifologiyadan və qədim Azərbaycan naxışlarından istifadə olunub.

Sərgidə nümayiş etdirilən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.

X X X

Sonra ölkəmizdə səfərdə olan parlament sədrləri Ulu Öndər Heydər Əliyevin Milli Məclisin inzibati binasında ucaldılmış abidəsini ziyarət ediblər.