Home Gündəm Milli Məclisdə bir sıra xarici ölkələrin parlament nümayəndə heyətləri ilə görüşlər keçirilib

Milli Məclisdə bir sıra xarici ölkələrin parlament nümayəndə heyətləri ilə görüşlər keçirilib

85
0
SHARE

Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak edən xarici ölkələrin parlament nümayəndə heyətləri ilə Milli Məclisdə görüşlər keçirilib.

Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Macarıstan Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdə parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.

Milli Məclisin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli Macarıstan Milli Assambleyası sədrinin müavini Şandor Lejakın başçılıq etdiyi nümayəndə heyətinə Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, respublikamızın tərəqqisinin təmin olunması istiqamətlərində gördüyü misilsiz işlərdən bəhs edib.

Şandor Lejak Milli Məclisin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında iştirak etməkdən məmnunluğunu bildirib, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib.

Görüşdə Milli Məclisin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və digər şəxslər iştirak ediblər.

x x x

Venesuela parlament nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli müasir dövrdə müstəqilliyin və suverenliyin qorunmasının çətinliklərindən söz açıb, milli dövlətçiliyə qarşı təhdidlərdə xalqın və dövlətin birliyinin əhəmiyyətini qeyd edib. Bu baxımdan xalqımızın müdrikliyi vurğulanaraq, Azərbaycanın məhz Heydər Əliyev ideyalarına və siyasətinə sadiq qalaraq inkişafının və qüdrətinin indiki yüksək səviyyəsinə çatdığını bildirilib.

Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirakdan şərəf duyduqlarını deyib və bu tədbirə dəvətə görə təşəkkürünü bildirib.

Qonaq Venesuelanın Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

x x x

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Venesuela heyəti ilə görüşdə Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə ölkəmizin daha da güclənməsindən və inkişaf etməsindən danışıb. Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığa toxunulub, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən danışılıb.

Pedro Karreno və nümayəndə heyətinin üzvləri dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafı üçün qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

x x x

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Venesuela heyəti ilə görüşdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və dövlətçiliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən bəhs edib.

Azərbaycan ilə Venesuela arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etməsindən söz açan S.Seyidov ölkələrimizin xalqlarımızın mənafeyinə uyğun müstəqil siyasət aparması, Qoşulmama Hərəkatının beynəlxalq aləmdə getdikcə artan rolu, Hərəkat çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikirlərini bölüşüb.

Venesuelalı deputatlar Pedro Karreno və Xesus Faria Ulu Öndərin yubileyinə həsr olunmuş xüsusi iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür ediblər. Qonaqlar keçirilən ikitərəfli görüşlərin hər iki parlament arasında dostluq və əməkdaşlıq imkanlarının daha da yaxşılaşdırılmasına xidmət edəcəyinə əminliklərini bildiriblər.

x x x

Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Venesuela nümayəndə heyəti ilə görüşündə qonaqları salamlayan qrupun rəhbəri Tamam Cəfərova Ümummilli Liderin müstəqilliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən danışıb. O, Azərbaycan və Venesuela arasında müxtəlif platformalarda, xüsusən də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, parlamentlərarası dostluq qrupları çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sadiq Qurbanov, Etibar Əliyev, Müşfiq Məmmədli, İltizam Yusifov, Rauf Əliyev ölkələrimiz arasında həm parlamentlər səviyyəsində, həm də digər istiqamətlərdə əməkdaşlığı genişləndirmək barədə fikirlərini səsləndiriblər.

Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno, İqtisadi və maliyyə daimi komissiyasının sədri Xesus Faria səfərə dəvətə görə təşəkkürlərini bildiriblər. Venesuelalı deputatlar ölkələrarası və parlamentlərarası əlaqələrin dövlətlərimizin başçılarının siyasi iradələrinə uyğun şəkildə inkişaf etdiyini vurğulayıblar.

Görüşdə deputatlar Arzu Nağıyev, Naqif Həmzəyev, Pərvin Kərimzadə, Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinez Berroteran və digər şəxslər iştirak ediblər.

x x x

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov senator Marko Skurrianın başçılıq etdiyi İtaliya parlament nümayəndə heyəti ilə görüşdə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

Qeyd edilib ki, Avropa İttifaqının önəmli dövləti olan İtaliya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və İtaliya arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyi diqqətə çatdırılıb, bu baxımdan parlamentlərarası əlaqələrin, parlament dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

İtaliya Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Marko Skurria Ulu Öndər Heydər Əliyevin yubiley tədbirlərində iştirak etməkdən məmnunluqlarını bildirib, yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Senator ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etməsindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığını vurğulayıb.

Sonra görüş parlamentlərarası əlaqələrin perspektivləri, həmçinin tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, İtaliya Senatının senatoru Culiomaria Terzi, Deputatlar Palatasının deputatı Ettore Rozato və digər şəxslər iştirak ediblər.