İyunun 14-də Bakıda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycan-Özbəkistan münasibətlərinə və Özbəkistan Respublikasının prezidenti postuna nəzərdə tutulan növbədənkənar seçkilərə həsr edilmiş dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistanın xarici işlər nazirinin müavini Bobur Usmanov Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsinin nümunəvi, misli görünməmiş xarakter daşıdığını bildirib, iki ölkənin prezidentlərinin bu işdə xidmətlərinin böyük olduğunu vurğulayıb.
“Bizim münasibətlər qardaş ölkələrin necə dostluq etməsinə nümunədir. Biz ticarət dövriyyəsinin yüksək həddini müəyyən edəcəyik və fikrimizcə bu, əldə edilə biləndir”, – deyən Özbəkistan XİN başçısının müavini əlavə edib ki, ixrac-idxal əməliyyatlarının illik həcmini bir milyard dollara çatdırmaq planlaşdırılır.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, öz növbəsində qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan ilə əməkdaşlığı prioritet xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Özbəkistana üç dəfə səfər etməsi faktını vurğulamaq kifayətdir.
Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli şəkildə nizamlanması işində Özbəkistanın göstərdiyi güclü dəstəyə diqqət çəkən F.Şəfiyev əlavə edib ki, bu dəstək indi – münaqişədən sonrakı mərhələdə də davam edir. Bununla bağlı o xatırladıb ki, Özbəkistan işğaldan azad olunmuş Füzulidə məktəb tikintisini maliyyələşdirir.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov isə qardaş ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin gələcək inkişafının ötən illə müqayisədə bu il də səmərəli olacağını qeyd edib. Vurğulayıb ki, cari il martın 1-də Azərbaycanın paytaxtında keçirilən Qoşulmama Hərəkatının sammitində Prezident Şavkat Mirziyoyevin iştirakı sayəsində bu istiqamətdə ilk addım atılıb.
Özbəkistanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan diplomat ən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin son vaxtlar fəallaşmasından məmnunluq ifadə edib. Onun sözlərinə görə, əməkdaşlığın yeni mexanizmlərinin tətbiqi son illər müşahidə olunan müntəzəm təmasların nəticəsidir.
“Liderlərimizin razılaşmalarının praktik icrası çərçivəsində Özbəkistan-Azərbaycan əlaqələrinin spektrinin daha da genişlənməsi üzrə fəal iş aparılır”, – deyə səfir bildirib.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel öz çıxışında regional proseslərə və onların fonunda sıx əməkdaşlığa artan ehtiyaca toxunub. Onun fikrincə, Mərkəzi Asiya və Xəzəryanı ölkələr regionda işlərin necə gedəcəyinə, hansı proseslərin baş verəcəyinə özləri qərar verməlidir.
“Regionda pozitiv proseslər baş verir. Biz bunlara sevinirik və imkan daxilində bu proseslərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edirik. Biz öz regionumuzun – Mərkəzi Asiya və Xəzər regionunun sahibiyik. Biz elə məqama çatmışıq ki, regionda işlərin necə gedəcəyinə, hansı proseslərin baş verəcəyinə özümüz qərar verməliyik”, – deyən diplomat bu planda ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin çox mühüm olduğunu vurğulayıb.
Tədbir ekspertlərin iştirakı ilə diskussiyalarla davam edib.