Home Gündəm Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib

Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib

115
0
SHARE

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib.

TAN.AZ xəbər verir ki, Hikmət Hacıyev Tvitter paylaşımında Euelina Oçabın müəllifi olduğu məqalənin reallığı təhrif etdiyini, birtərəfli olduğunu və Ermənistanın təbliğat maşını tərəfindən istifadə edildiyini qeyd edib.

“Euelina Oçab, sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə edilir. Bir insan haqları vəkili olaraq siz heç vaxt Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyondan çox azərbaycanlının hüquqları və ağır vəziyyətinə dair məsələ qaldırmamısınız. Azərbaycan Ermənistan tərəfindən dağıdıcı 30 illik hərbi işğaldan əziyyət çəkib. Ermənistanın yerləşdirdiyi milyonlarla minaların nəticəsində gündəlik olaraq azərbaycanlı mülki şəxslər mina terrorunun qurbanına çevrilirlər.

Laçın yolu Ermənistan tərəfindən minaların, hərbi texnikanın və personalın qanunsuz daşınması üçün istifadə edilib. Lakin siz bütün bunlarla bağlı susmusunuz. Sizin məqaləniz Azərbaycanın Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolunun açılması təklifinin üstündən keçir. Ermənistanın himayə etdiyi marionet separatçı rejim bizim Qarabağ regionumuzun erməni sakinlərini girov saxlayır. İnsan haqları müdafiəçisi kimi nəcib bir status neytrallıq, siyasi manipulyasiyadan uzaqlıq, obyektivlik və ədalətli olmağı tələb edir. Mən təəssüf edirəm ki, sizin “Forbes”dəki məqalənizdə bu məziyyətləri görməmişəm. Həmçinin təəssüf edirəm ki, “Forbes” bu cür birtərəfli təbliğat üçün platforma təmin edir”, – Prezidentin köməkçisi vurğulayıb.