Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə “Azərbaycan Hava Yolları”nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.
“Yuxarıda qeyd olunanlar, 30 ilə yaxın müddət ərzində, 2020-ci ilin sentyabrınadək Ermənistana xas olan, danışıqların imitasiyası, son dəqiqələrdə əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətməyi ehtiva edən təcrübəni xatırladır”, – deyə XİN-in bəyanatında bildirilib.