Azərbaycan tərəfinin təşəbbüsü ilə 2 sentyabr 2023-cü il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Dövlət Başçılarının Xarici Siyasət Məsələləri üzrə köməkçilərinin qeyri-rəsmi görüşü keçirilib.
TAN.AZ xəbər verir ki, bu barədə TDT-nın mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də iştirak etdiyi görüş zamanı Təşkilatın gündəliyində duran müvafiq məsələlər müzakirə olunub, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Bundan əlavə, tərəflər görüş zamanı regionda və onun hüdudlarından kənarda sabitliyi və sülhü təşviq etmək üçün əməkdaşlıq və birgə təşəbbüslər üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparıb.
Hikmət Hacıyev də qeyri-rəsmi görüş barədə paylaşım edib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT Sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni məsləhətləşmələr mexanizmini işə saldıq”, – deyə paylaşımda deyilir.