Home Gündəm G77+Çin Sammitində Azərbaycanın qlobal təşəbbüsləri barədə danışılıb

G77+Çin Sammitində Azərbaycanın qlobal təşəbbüsləri barədə danışılıb

60
0
SHARE

Azərbaycan “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”nin həyata keçirilməsinə sadiqdir. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycan region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biridir.

TAN.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Kubada keçirilən G77+Çin Sammitinin ümumi müzakirələrində çıxışı zamanı deyib.

Azərbaycan hökumətinin DİM məqsəd və hədəflərini milli inkişaf planlarına və strategiyalarına daxil etdiyini bildirən parlamentin sədri elm, texnologiya və innovasiyaların inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm alətlər hesab olunduğunu bildirib. O qeyd edib ki, dialoqun, həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxtərəfliliyin gücləndirilməsi hər zaman Azərbaycanın qlobal baxışının hərəkətverici qüvvəsi olub. BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının keçirilməsi, peyvəndlərə bərabər və universal çıxış haqqında BMT qətnamələrinin qəbul olunması Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin mühüm nəticələri arasındadır. Ölkəmiz, həmçinin koronavirusla əlaqədar 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə edib.

Milli Məclisin sədri nəzərə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılmasına dair təşəbbüslərdən sonra hazırda Qoşulmama Hərəkatının qadın platformasının yaradılması üzərində işləyir. Bu, inkişaf məqsədlərinin həyata keçirilməsinə qadınların, gənclərin və parlamentarilərin verdiyi töhfələrin təsdiqidir.

Prezident İlham Əliyevin bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ölkəmizdə keçirilmiş sammit səviyyəli görüşü çərçivəsində Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək məqsədilə iki Qlobal Çağırış elan etdiyini xatırladan Milli Məclisin sədri bu çağırışların birbaşa maliyyə dəstəyini, təhsil imkanlarının genişləndirilməsini, potensialın gücləndirilməsini və digər vasitələri nəzərdə tutduğunu diqqətə çatdırıb. Azərbaycan ilk donor kimi hər iki Qlobal Çağırış üçün 1 milyon ABŞ dolları ayırıb.

Azərbaycanın 2018-2023-cü illər ərzində əsasən G77 Qrupuna daxil olan 83 ölkədən olan tələbələrə tam ali təhsil təqaüdü verdiyini deyən S.Qafarova bildirib ki, ölkəmiz Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə bu təqaüdləri İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil etməyi hədəfləyir.