Home Gündəm Prezident İlham Əliyev: Azərbaycan-Çin tərəfdaşlığı gündən-günə yeni məzmunla zənginləşir

Prezident İlham Əliyev: Azərbaycan-Çin tərəfdaşlığı gündən-günə yeni məzmunla zənginləşir

93
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sədr Si Cinpinə təbrik məktubu ünvanlayıb.

TAN.AZ xəbər verir ki, dövlətimizin başçısı məktubunda bildirib: “Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə ölkənizin hər bir sahədə əldə etdiyi nailiyyətləri və uğurları onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli və qabaqcıl ölkələri sırasına çıxarmış, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib.

Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir.

Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar və digər sahələrdə çox aydın və böyük perspektivləri vardır. Eyni zamanda, Çindən Azərbaycan vasitəsilə Qərb istiqamətində daşınan yüklərin həcminin artması “Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir”.

Çin şirkətlərinin uzun müddətdir ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini və dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynadıqlarını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirildiyini görmək istərdik.

“Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü və suverenliyini daim birmənalı şəkildə dəstəkləmişdir. Çinin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Çin çoxşaxəli münasibətlərinin daha da inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti bu bayram günündə Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Çin xalqına isə daim əmin-amanlıq və rifah diləyib.