Home Gündəm Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə olunub

Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə olunub

75
0
SHARE

Oktyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Həmçinin ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib. Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Ceyhun Bayramov qarşı tərəfi Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə regional sülhə və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırıb. Nazir Azərbaycanın özünün suveren ərazisində beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının regionda sülhə və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.

Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.