Home Gündəm İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Milli Məclisin xüsusi iclası...

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Milli Məclisin xüsusi iclası keçirilib

99
0
SHARE

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü xüsusi iclasın gündəliyinə 1 məsələ – İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.

S.Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.

Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Parlamentin sədri vurğulayıb: “Əminik ki, Prezident İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”.

İclasda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra mövzu ilə bağlı Milli Məclisin deputatları çıxış ediblər.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədrin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Bəxtiyar Əliyev, Zahid Oruc, Sadiq Qurbanov, Tahir Mirkişili, Siyavuş Novruzov, Əhliman Əmiraslanov, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlardan Kamilə Əliyeva, İsa Həbibbəyli, Elşad Mirbəşir oğlu, Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Emin Hacıyev, Elşən Musayev, Səbinə Xasayeva, İqbal Məmmədov, Naqif Həmzəyev, Razi Nurullayev, Əli Məsimli, Vahid Əhmədov, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Müşfiq Məmmədli, Etibar Əliyev, Anar İsgəndərov, Əziz Ələkbərov, Ceyhun Məmmədov, Tahir Kərimli, Könül Nurullayeva, Vüqar İskəndərov, Aydın Hüseynov, Jalə Əliyeva, Vüqar Bayramov, Sahib Alıyev, Nəsib Məhəməliyev, Fəzail Ağamalı çıxış ediblər.

Bildirilib ki, bu il Milli Məclisdə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə, Milli Qurtuluş Gününün 30 illiyinə, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyinə həsr olunmuş möhtəşəm iclaslar müasir parlamentarizm tariximizin ən şərəfli səhifələri olacaq.

Çıxışlarda Prezident İlham Əliyevin ümumxalq seçkilərində xalqın səsini qazanaraq, dəfələrlə qalib gəlmiş dövlət başçısı olduğu vurğulanıb. Bildirilib ki, o, 20 il ərzində sabit, davamlı, artan reytinqi olan nadir şəxsiyyətdir. İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti olduğu vaxtlarda çoxşaxəli fəaliyyətində əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunub.

Deputatlar Prezident İlham Əliyevin ölkə başçısı seçildiyi ilk gündən hər zaman verdiyi sözə sadiq qalaraq, Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirdiyini söyləyiblər.

Həmçinin Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz Zəfər salnaməsini yazdığı, habelə birgünlük antiterror tədbirlərini uğurla başa çatdırdığı, bununla da bütün dünyaya öz gücünü nümayiş etdirdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ölkənin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi yolunda qətiyyətlə çalışaraq, 30 ildən sonra Azərbaycan Bayrağının işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanmasına nail olub. Hazırda Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mühüm islahatlar aparılır, onun təşəbbüsü ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox layihələr həyata keçirilir.

Dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə və qazilərə daim xüsusi qayğı ilə yanaşır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.

Ölkə başçısının elm və təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərdiyi qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət olaraq beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olub. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. İlham Əliyevin həyata keçirdiyi strategiya əsasında Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin qlobal məsələlərin həllində nümayiş etdirdiyi qətiyyət onun dünyanın nüfuzlu siyasətçilərindən biri olduğunu göstərir. Onun apardığı siyasət sayəsində bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edib, ölkəmiz multikultural dəyərlərə önəm verən tolerant dövlət kimi dünyada tanınır.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha yüksək zirvələr fəth edəcəyi və davamlı uğurlara imza atacağı vurğulanıb.

Sonra iclasda Milli Məclisin deputatı Hikmət Məmmədov İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat deputatlar tərəfindən alqışlarla qarşılanıb və səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin xüsusi iclası başa çatıb.