Home Gündəm Azərbaycanla Serbiyanın parlamentlərarası əlaqələri müzakirə edilib

Azərbaycanla Serbiyanın parlamentlərarası əlaqələri müzakirə edilib

85
0
SHARE

Azərbaycan Respublikası Milli Məclisinin Serbiya ilə parlamentlərarası işçi qrupunun üzvləri bu ölkənin Belqrad şəhərində səfərdə olublar.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq mövcuddur və bu əlaqələr ildən-ilə daha da inkişaf edir. Bunun nəticəsidir ki, hər iki ölkənin parlamentləri arasında da sıx əməkdaşlıq yaranıb. Milli Məclisin Serbiya ilə parlamentlərarası işçi qrupunun üzvlərinin Serbiyaya səfəri də məhz bu əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıyır.

Səfər proqramı çərçivəsində deputatlar görüşlər keçiriblər.

Əvvəlcə hər iki ölkənin deputatları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Belqradın mərkəzi parkında ucaldılmış abidəsini ziyarət ediblər və önünə tər çiçəklər düzüblər.

Dostluq qrupunun üzvləri, eyni zamanda, Belqradın azadlığı uğrunda həyatlarını qurban vermiş naməlum əsgərin abidəsini ziyarət ediblər.

Səfər çərçivəsində Azərbaycan parlamentinin deputatları Serbiya Respublikasının ali qanunvericilik orqanı olan Milli Assambleyanın spikeri Vladimir Orliçlə görüblər. Serbiya parlamentinin sədri bu il oktyabrın əvvəlində Azərbaycana etdiyi səfər haqqında təəssüratlarını, xüsusilə də Prezident İlham Əliyevlə olan görüşü, işğaldan azad olunmuş Qarabağ torpaqlarında olarkən keçirdiyi hisslər haqqında danışıb. O, ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığından və səmərəli əməkdaşlığından məmnuniyyətlə bəhs edib.

Vladimir Orliç Serbiyanın çətin günlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini minnətdarlıqla qeyd edib.

Milli Məclisin deputatları, həmçinin səfər çərçivəsində Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunda, Serbiya parlamentinin Beynəlxalq əlaqələr komitəsində müxtəlif görüşlər keçiriblər. Görüşlərdə deputatlar iki ölkə arasında əlaqələri, prioritet məsələlərlə bağlı, xüsusilə də beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyəti müzakirə ediblər.

Səfərdə Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, üzvləri Asim Mollazadə, Mahir Abbaszadə və Jalə Əhmədova iştirak ediblər.