Home Gündəm Ayxan Hacızadə: ABŞ Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib

Ayxan Hacızadə: ABŞ Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib

94
0
SHARE

Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı.

TAN.AZ xəbər verir ki, bu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabında öz əksini tapıb.

Onun sözlərinə görə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.

“Məhz ABŞ-ın da iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır”, – qeyd olunub.

Həmçinin vurğulanıb ki, sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir.

“Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək”.