ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb.
TAN.AZ xəbər verir ki, bu barədə ATƏT PA-nın bəyanatında bildirilib.
Pia Kauma və Kari Henriksenin Azərbaycana səfərləri ilə bağlı təşkilatın yaydığı bəyanatda qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirə aparılıb. Bəyanatda Qarabağın Azərbaycanın regionu olduğu vurğulanıb: “Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycan öz Qarabağ regionu üzərində nəzarətini bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib. Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir”.
Bildirilir ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var.
Bəyanatda vurğulanıb ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir.
ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışlayıblar. Nümayəndə heyəti, həmçinin ərazilərin minalardan təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndirib, beynəlxalq ictimaiyyəti Azərbaycanda təhlükəsizlik və humanitar vəziyyətin inkişafında iştirakını davam etdirməyə çağırıb.