Home Gündəm Milli Məclis sədri Çex Parlamentinin Deputatlar Palatası və Senatının sədrləri ilə görüşüb

Milli Məclis sədri Çex Parlamentinin Deputatlar Palatası və Senatının sədrləri ilə görüşüb

74
0
SHARE

Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsindən verilən xəbərə görə, Deputatlar Palatasının sədri parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığının vacibliyini diqqətə çatdırıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır. O cümlədən, Azərbaycanın Çex Respublikasının ikinci neft tədarükçüsü olduğu vurğulanıb.

Milli Məclisin sədri deyib ki, iki ölkənin parlamentləri olaraq, əməkdaşlığı daha da inkişaf etdirmək, həmçinin parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi vacibdir. Bu aspektdə parlamentlərimiz arasında körpü rolunu oynayan dostluq qruplarının birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın regionda daimi sülhün təmin olunmasını istədiyini deyən Sahibə Qafarova onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır.

Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova sülh danışıqlarını dəstəklədiklərini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.

Sonra Milli Məclisin sədri xatirə kitabını imzalayıb.

Milli Məclisin sədri Çex Parlamenti Senatının sədri Miloş Vıstrçil ilə də görüşüb. Senatın sədri deyib ki, ölkələrimiz arasında münasibətlər funksional və tarazlaşdırılmış münasibətlərdir, Azərbaycan Çex Respublikası üçün dost ölkədir.

Miloş Vıstrçil müasir dövrdə enerji məsələlərinin əhəmiyyətini qeyd edərək, Azərbaycanla ölkəsi arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı niyyətlərini də ifadə edib.

Görüşdə Azərbaycanın etibarlı tərəfdaş olduğu, Avropanın neft-qaz tədarükçüsü kimi əhəmiyyətli rolu vurğulanıb.

Sahibə Qafarova regionda mövcud olan vəziyyət, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə də məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatlar, o cümlədən mina təhdidləri, Azərbaycan tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri, Azərbaycanın münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüsləri barədə qarşı tərəf məlumatlandırılıb. Sahibə Qafarova mövcud vəziyyətlə bağlı qəbul edilən qeyri-obyektiv, yalnış informasiyalara əsaslanan qətnamələrin sülh prosesinə zərbə vurduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.