Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak məqsədilə Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurası Prezidentinin baş siyasi müşaviri Simon Mordue ilə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə Azərbaycan-Ermənistan normalıaşma prosesi və cari regional vəziyyət müzakirə edilib.
Aİ və Azərbaycan arasında ötən il imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artırdığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanıb.
Nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu xüsusda, nazir son dövrlər Azərbaycan və Ermənstan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyəti barədə məlumat verən nazir Ceyhun Bayramov, mina təhlükəsinin bu fəaliyyətə, eləcə də, vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini vurğulayıb. 2020-ci ilin noyabr ayından bəri 340 vətəndaşımızın mina partlayışının qurbanına çevrildiyi qeyd olunub.
Simon Mordue Aİ-nin vacib strateji tərəfdaşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionumuzda davamlı sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan normallaşma prosesini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
15:47
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.
TAN.AZ xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” platformasında yazıb.
“Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclası çərçivəsində Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşdən məmnun oldum. Azərbaycan-Avropa İttifaqı gündəliyinin məsələləri, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə edilib”, – Ceyhun Bayramov yazıb.