Home Gündəm Mərakeş XİN başçısı Azərbaycanla tərəfdaş münasibətləri qurmaq istədiklərini bəyan edib

Mərakeş XİN başçısı Azərbaycanla tərəfdaş münasibətləri qurmaq istədiklərini bəyan edib

76
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığının Baş naziri Aziz Axanuş ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Mərakeş Baş naziri xüsusən ölkələrimiz üçün mühüm məsələlərdə qarşılıqlı dəstəyin mövcud olmasını təqdir edib.

O, qeyd edib ki, hazırda Mərakeş və Azərbaycan arasında münasibətlərin daha da inkişafına dair müzakirələr aparılır və Mərakeş bu müzakirələri davam etdirmək əzmindədir. Baş nazir Milli Məclis sədrinin bu səfərinin Azərbaycan və Mərakeş arasında münasibətlərin səviyyəsinin bir göstəricisi olduğunu bildirib.

Sahibə Qafarova iki ölkə arasında münasibətlərin inkişafında mühüm sahələrdən biri kimi parlamentlərin rolunu qeyd edib. O, Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Baş nazirə məlumat verib.

Azərbaycan və Mərakeş ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri çərçivəsində ölkəmizlə Mərakeş arasında əməkdaşlığın mümkünlüyü də müzakirə olunub. Hazırda “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bu ərazilər bərpa edilir, həmin ərazilər “Yaşıl zona” elan olunub.

Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib.

Milli Məclisin sədri bu gün Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə də görüşüb. Nazir Naser Burita Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, həm Mərakeş, həm də Azərbaycan öz regionlarının mühüm aktorlarıdır və Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş kimi görür. Nazir Naser Burita Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi münasibətilə təbriklərini çatdırıb.

Nazir Naser Burita deyib ki, gələn il Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfəri və Mərakeş Kralı mərhum II Həsənlə görüşünün 30-cu ildönümü tamam olur. O, bu əlamətdar tarixi hadisə ilə əlaqədar Azərbaycan-Mərakeş əlaqələrini gücləndirmək, münasibətlərimizi qardaşlıqdan tərəfdaşlığa çevirmək niyyətini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.