Home Gündəm Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları COP29-la bağlı birgə bəyanat yayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları COP29-la bağlı birgə bəyanat yayıblar

81
0
SHARE

Dekabrın 18-də Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları COP29-la əlaqədar birgə bəyanat qəbul ediblər.

TAN.AZ bəyanatı təqdim edir: “Biz Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayırıq.

Bu növbəti tarixi uğur münasibətilə Azərbaycan xalqını, şəxsən Prezident İlham Əliyevi təbrik edirik!

Bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.

Şübhə etmirik ki, Azərbaycan COP29-u da ən yüksək səviyyədə keçirəcək. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı 120 ölkənin dəstəyini qazanmağı bacarıb və etimadı tam doğruldub, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan COP29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Qonaqların təmsil etdikləri ölkələrin müxtəlifliyi və zənginliyi yalnız BMT Baş Assambleyası kimi tədbirlərə xas cəhətdir. Biz Azərbaycan ictimaiyyətinin təmsilçiləri kimi gələn hər bir qonağı Vətənimizdə görməyə şad olacağıq.

Ətraf mühit, iqlim məsələləri milli sərhədlər tanımır, ümumbəşəri mahiyyətlidir. Onların qorunması və hər bir sahədə yaşıl təfəkkürün daha çox hakim olması planetimiz – ümumi evimiz üçün çox vacibdir. Biz bu sahədə bütün dünya ilə eyni hissi və həyəcanı bölüşürük.

Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Biz – vətəndaş cəmiyyətinin təmsilçiləri Prezident İlham Əliyevin bu sahədə də məqsədyönlü fəaliyyətini yüksək qiymətləndiririk və tam dəstəkləyirik.

Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. Statistik göstəricilərə görə, ölkənin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin həcmi 157 qiqavat təşkil edir.

2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb.

Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə gözəl töhfədir.

Bu yaxınlarda Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın indi yaşıl gündəliyə doğru sürətlə irəlilədiyini açıqladı. Biz Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri kimi bunu alqışlayırıq və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə kimi yüksək qiymətləndiririk.

Azərbaycan xalqı ətraf mühit məsələlərinə daim həssaslıqla yanaşıb, onun qayğısını çəkib. Milli adət və ənənələrdə, folklorda da təbiətə məhəbbət, qayğı məqamları qabarıq ifadə olunub.

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının keçirilməsi bu istiqamətdə siyasi iradənin növbəti nümunəsidir. Artıq bütün dünyada Azərbaycanın Yaşıl Enerji Dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş də imzalayıb.

Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməyə tam layiqdir.

Biz Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizi bəyan edirik.

COP29, eyni zamanda, sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir. Azərbaycan ilə Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında COP-la bağlı əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir.

COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır.

Biz qəbul etdiyimiz bu bəyanatla COP29-la əlaqədar müsbət təşəbbüsləri dəstəkləməyə, beynəlxalq QHT-lərlə əməkdaşlığa, xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinə bu istiqamətdə hər cür kömək göstərməyə hazır olduğumuzu elan edirik”.