Yazıçılar Birliyində müasir Azərbaycan ədəbiyyatının parlaq ismi, mərhum Nurəngiz Günün 85 illiyi münasibətilə “Nurəngiz Gün 85 – Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı” adlı tədbir keçirildi. Tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr edilmiş “Günəşin elçisi” esse-monoqrafiyası, şair-tərcüməçi Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə Mərkəzinin və Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan “Temrin” jurnalının birgə təşəbbüsü ilə şairəyə həsr edilən xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi “Nurəngiz Gün Beynəlxalq Ödül” yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət Antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı “Güllərin soyqırımı” kitabları geniş oxucu kütləsinə təqdim edildi. Tədbiri giriş sözü ilə açan Səlim Babullaoğlu, Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan, şeirləri və bütün yaradıcılığı ilə ədəbiyyat tarixində əbədi yaşayacaq görkəmli bir şair olduğunu diqqətə çatdırdı. Səlim Babullaoğlu Nurəngiz Günə həsr edilən nəşrlər haqqında danışdı, bu nəşrlərin hər birinin Nurəngiz Gün yaradıcılığının və şəxsiyyətinin daha böyük arealda tanınması və təbliğ edilməsi baxımından daşıdığı əhəmiyyətdən danışdı.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Nurəngiz Günlə bağlı xatirələrini danışdı, onun təkrarsız və bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs etdi, onun yoxluğunu ədəbiyyatın irkisi olaraq anlatdı.
“Günəşin elçisi” esse-monoqrafiyanın müəllifi Elçin İskəndərzadə Nurəngiz Günün Azərbaycan ədəbiyyatındakı müstəsna yeri və müstəsna xidmətlərindən bəhs edərək, esse-monoqrafiyanın yazılma səbəblərindən, xanım şairəyə olan böyük sevgi və ehtiramından bəhs etdi.
Tədbirdə çıxış edən akademik Teymur Kərimli, millət vəkili Arzu Nağıyev, professor Vaqif Yusifli, ədəbi tənqidçi, “Azərbaycan” jurnalının baş redaktor müavini Əsəd Cahangir, “Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin, filologiya üzrə elmlər doktoru Bahar Bərdəli, “Zərdabi Nəşr” nəşrlər evinin direktoru Elman Qasımov, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağlyevin nəvəsi Dilarə Nağıyeva, şairə Aləmzar Sadıqqızı, Narıngül Nadir və başqaları təqdim edilən nəşrlərin ədibin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumat-mənbə xarakteri daşıdığını, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar, alimlər üçün samballı bir qaynaq olduğunu ifadə etdilər. Çıxışçılar şairənin ədəbiyyatımıza bəxş etdiyi əsərlərin mənəvi dəyərindən, bu əsərlərin aşıladığı vətən, torpaq, yurd, insan, təbiət, ana sevgisindən bəhs etdilər, bəşəriyyətə xitab edən dünyəvi poemalarından söhbət açdılar. Çıxış edənlər Nurəngiz Günün yaradıcılığının daha geniş və əhatəli şəkildə, elmi əsaslarla tədqiq edilməsinin vacibliyini vurğuladılar.
Tədbirdə çıxış edən şairənin qızı, filologiya elmləri doktoru, millət vəkili Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirdi.