Məzahir Pənahovun sədrliyi ilə yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
TAN.AZ xəbər verir ki, əvvəlcə Komissiyanın yanvarın 6-da keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Proseslərin gedişi barədə ətraflı məlumat verilərək bildirilib ki, sözügedən namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər səlahiyyətli nümayəndələri tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılıb, namizədlərin qeydə alınması üçün əsasların olması müəyyən edilib.
Komissiya geniş müzakirələrdən sonra namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd kimi qeydə alınmasına qərar verib.
İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə seçki dairələrinin siyahısının təsdiq edilməsi məsələsinə də baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.
Komissiyanın iclasında, habelə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik olunub.
Beynəlxalq müşahidə missiyası təmsilçisi, prezidentliyə namizədin və namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media qurumları nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.