Home Gündəm Avstriyalı parlamentarilər Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə məlumatlandırılıb

Avstriyalı parlamentarilər Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə məlumatlandırılıb

69
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova martın 4-də ölkəmizdə səfərdə olan Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova Azərbaycan və Avstriyanın dost, tərəfdaş ölkələr olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

O, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanlar arasında münasibətlərin önəmini diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında təmasların intensivləşdirilməsi, qanunverici orqanların komitələri arasında əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Görüşdə bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların olduğunu qeyd edən Milli Məclisin sədri Azərbaycanın 2020-ci ildə torpaqlarını öz gücü ilə azad etdiyini bildirib.

Milli Məclisin sədri Azərbaycanın ikili standartlarla üzləşdiyini, bir sıra təşkilatlarda islamofobiya və azərbaycanofobiyanın hökm sürdüyünü deyib. O, eyni zamanda, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsini tənqid edib, bu addımın ikili standartların daha bir nümunəsi olduğunu söyləyib.

Sahibə Qafarova qonaqlara, həmçinin hazırda regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə məlumat verib.

Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnix ölkəmizə səfərlərinin məqsədi, səfər çərçivəsində keçirilən görüşlər haqqında danışıb. Bu görüşlərin parlamentlər arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Qonaq Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsi münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.