Home Gündəm Prezident İlham Əliyev Rumıniyanın energetika nazirini qəbul edib

Prezident İlham Əliyev Rumıniyanın energetika nazirini qəbul edib

62
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.

TAN.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirilib.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu qeyd edərək, dövlət başçıları, eləcə də digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəminə toxunaraq bu iclasın gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı Azərbaycanda enerji sektorunda, xüsusilə indiki dövrdə yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyərək, ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının önəmini vurğulayıb.

Sebastiyan İoan Burduja İlham Əliyevə prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin, Bakının gözəlliyinin və inkişafının onlarda dərin təəssürat doğurduğunu deyib.

Azərbaycan Prezidenti təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı energetika sahəsində artıq xeyli irəliləyişin olduğu vurğulanaraq Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, LNG, yaşıl enerji və qaz təchizatı layihələri üzrə müzakirələr davam edir və Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunulub, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı qeyd olunub, investisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirilib. SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb.

Söhbət zamanı kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində də əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulanıb.

***

10:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.

TAN.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.