Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.
Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.
Mövcud geosiyasi reallıqlar fonunda, şərqlə qərb arasında yük daşımalarında Orta dəhlizin əhəmiyyətindən bəhs olunub.
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda da özünü büruzə verdiyi, qardaş ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti, son inkişaflar, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan-Ermənistan dövlət komissiyası çərçivəsində əldə edilmiş nəticələr barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***
17:38
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan görüşüb.
TAN.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Banjulda, İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.