“Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Siyasi, ticari-iqtisadi, enerji, müdafiə, humanitar və digər sahələrdə əlaqələrimiz çoxtərəfli qaydada birgə fəaliyyətimiz ilə müşayiət olunur. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”.
TAN.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlət başçısı bildirib:
“Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələri əhatə edən və gündən-günə yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini vurğulamaq istərdim. Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyəti təqdirəlayiqdir. Bütün bunlar tərəfdaşlığımızın yüksək səviyyəsindən, mövcud əməkdaşlığımızı daha da şaxələndirmək əzmimizdən xəbər verir. Biz bu əməkdaşlığı daim diqqət mərkəzində saxlayır və dəstəkləyirik”.