Home Gündəm Milli Məclis sədri: Parlamentlərarası İttifaqla birgə COP29 çərçivəsində parlament görüşü təşkil etməyi...

Milli Məclis sədri: Parlamentlərarası İttifaqla birgə COP29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırırıq

26
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova Minsk şəhərində Belarus Dövlət Universitetində olub.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlamentinin spikerini Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və universitetin rektoru Andrey Korol qarşılayıblar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Belarus Dövlət Universitetinin rektoru Andrey Korol ilə görüşüb. Görüşdə Milli Assambleya Respublika Şurasının sədri Natalya Koçanova da iştirak edib.

Görüşdən sonra spiker Sahibə Qafarova Belarus Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında məruzə ilə çıxış edib.

Milli Məclisin sədri iştirakçılara Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi və ənənələri, xalqımızın tolerantlıq və multikultural dəyərləri, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun töhfələri barədə danışıb.

Spiker həmçinin, Azərbaycanın 18 oktyabr 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə yaşadığı çətinliklər, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə sabitliyin bərqərar olması, hüquqi müstəqil dövlətin qurulması prosesi, müstəqil Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi üçün siyasi-iqtisadi islahatların əsasını təşkil edən neft strategiyasının işlənib hazırlanması, neft gəlirlərinin səmərəli idarə olunması və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması barədə məlumat verib.

Spiker Sahibə Qafarova bildirib ki, ölkəmiz hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi yeni iqtisadi, sosial, siyasi və mədəni inkişaf mərhələsini yaşayır. Bu mərhələnin əsas məqsədi uzunmüddətli perspektivdə bu inkişafın davamlılığını təmin etməkdir.

Azərbaycanın bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibi seçilməsi barədə də tədbir iştirakçılarını məlumatlandıran spiker qeyd edib ki, bu, Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi probleminin həllində göstərdiyi səylərin etirafıdır. O məlumat verib ki, Parlamentlərarası İttifaq rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanın Milli Məclisi də bu təşkilatla birgə COP29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır.

Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yerindən və rolundan danışan spiker bildirib ki, Azərbaycan 30 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının məsul üzvü kimi beynəlxalq hüquq və ədalət prinsiplərinin qorunması üçün əlindən gələni edib. O, ölkəmizin 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olması, 2019-2023-cü illərdə Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq institut olan Qoşulmama Hərəkatına sədrliyi və ölkəmizin təşkilatın sədrliyi çərçivəsində Hərəkatın institusional inkişafında atdığı mühüm addımlar, Azərbaycanın hərəkatın parlament ölçülərinin inkişaf etdirilməsi təşəbbüsləri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və fəaliyyətinin təmin edilməsi barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri çıxışında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işlərinə başlaması, işğal zamanı dağıdılmış bütün infrastrukturun bərpa edilməsi, “Yaşıl enerji” zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhərlər” və “ağıllı kəndlər”, beynəlxalq hava limanları tikilməsi, keçmiş köçkünlərin yenidən öz torpaqlarına qayıtması barədə də danışıb.

Sahibə Qafarova çıxışında, həmçinin Azərbaycan və Belarus arasında münasibətlər barədə də məlumat verərək diqqətə çatdırıb ki, Azərbaycan və Belarus arasında qarşılıqlı əlaqələrin inkişafı kifayət qədər uzun tarixi dövrü əhatə edir. Bu gün isə ölkələrimiz arasında münasibətlər öz inkişafının yeni mərhələsindədir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Spiker Sahibə Qafarova qeyd edib ki, ikitərəfli münasibətlərin formalaşmasında və inkişafında dövlət başçılarımız arasında yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyimiz əhəmiyyəti aydın göstərən mühüm hadisələrdir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında Belarusa rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni addım oldu. Öz növbəsində, Belarusun Prezidenti Aleksandr Lukaşenkonun bu ilin mayında Azərbaycana dövlət səfəri, şübhəsiz ki, ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verdi.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Azərbaycan və Belarus parlamentləri arasında bu gün həm ikitərəfli səviyyədə, həm də parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.

Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova çıxış edərək ölkələrimiz və xalqlarımız arasında münasibətlərə dair müsbət fikirlərini səsləndirib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Belarus Dövlət Universitetinin xatirə kitabını imzalayıb.