Home Gündəm Qazaxıstan Parlamenti Senatının nümayəndə heyəti Milli Məclisdə olub

Qazaxıstan Parlamenti Senatının nümayəndə heyəti Milli Məclisdə olub

37
0
SHARE

Avqustun 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki Fərid Hacıyev Azərbaycan və qazax xalqları arasında dərin köklərə söykənən çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini səsləndirib. İkitərəfli münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmləndiyini deyən aparat rəhbəri əlaqələrimizin inkişafında ölkə başçılarının müstəsna rolunu qeyd edib, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların, müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətinə, həmçinin Milli Məclisin və onun Aparatının strukturu, ölkədəki seçki sistemi, qanun yaradıcılığı prosesi, mövcud komitə və komissiyalar, partiyaların təmsilçiliyi, həmçinin parlamentin xarici əlaqələri barədə məlumat verilib. Fərid Hacıyev sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq barədə fikirlərini bildirib.

Görüşdə qeyd olunub ki, Azərbaycan , Qazaxıstan ilə digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də yaxından maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların rolu vurğulanıb, ölkə parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub. Parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Maksim Spotkay ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrin inkişafında ölkə prezidentlərinin xüsusi rolunu vurğulayıb, ikitərəfli münasibətlərin dərinləşməsində qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətindən danışıb.

X X X

Qazaxıstan Parlamenti Senatının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik, Sosial qanunvericilik, Beynəlxalq münasibətlər və İnformasiya resursları və texnologiyaları şöbələri ilə nümayəndə heyətində təmsil olunan müvafiq şöbələrin nümayəndələri arasında görüşlər keçirilib.

Görüşlərdə parlament şöbələrinin funksiyaları, fəaliyyət istiqamətləri, iş prinsipləri, qanunvericilik fəaliyyətində iştirakı, qanun layihələrinin hazırlanması, qəbulu və qüvvəyə minmə prosesi, həmçinin VI çağırış Milli Məclisin beynəlxalq əlaqələri və həyata keçirdiyi uğurlu parlament diplomatiyası, tətbiq olunan texnoloji yeniliklər və yaradılan elektron sistemləri barədə məlumat verilib.

Söhbət zamanı parlament aparatlarının strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

***

Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti, həmçinin parlamentin inzibati binası, o cümlədən foyedə yaradılmış “Zəfər guşəsi” ilə tanış olub.

Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı qonaqlara burada deputatlar üçün yaradılmış iş şəraiti, parlamentin plenar iclasının keçirilməsi prosedurları haqqında məlumat verilib.