Home Gündəm Bakıda Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakıda Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib

28
0
SHARE

Sentyabrın 3-də Bakıda Fransanın işğalı altındakı Qəmər Adaları İttifaqının Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

TAN.AZ xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda müzakirələr aparılıb.

Tədbirdə Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş nümayəndələri, “Maore komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə kollektiv” təşkilatları, Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Qəmər adalarının müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində adanın vətəndaşlarına vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi ətrafında müzakirələr aparıblar.

Çıxış edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov son bir neçə ayda paytaxt Bakının müstəmləkəçilikdən əziyyət çəkən xalqların və ölkələrin azadlıq mübarizəsi ilə bağlı beynəlxalq konfranslara ev sahibliyi etdiyini deyib. Bildirib ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən, əzilən xalqların azadlıq uğrunda mübarizələrinə dəstək verir.

A.Abbasov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Qəmər adları və Mayot adasının tarixindən, azadlıq mübarizəsindən danışıb, bəzi statistik rəqəmləri səsləndirib. O, bu konfransın Mayot adasının azadlıq mübarizəsinə dəstək verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Hökumətinin və Bakı Təşəbbüs Qrupunun dəstəyini yüksək qiymətləndirən Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet ölkəsinin müstəqillik uğrunda mübarizəsindən bəhs edib. Qəmər xalqının müstəqilliyinin BMT tərəfindən tanındığını qeyd edən qonaq 1975-ci ildən sonra Fransanın yenidən ordusunu Mayota yerləşdirdiyini deyib. Bildirib ki, BMT-nin Fransa ordusunun Mayotdan çıxarılması ilə bağlı qətnamələri olsa da, müstəmləkəçi ölkə buna əhəmiyyət vermir və bununla Fransa beynəlxalq hüquqa qarşı çıxır.

Sonra Mayot adasının tarixi, azadlıq mübarizəsi ilə bağlı videoçarx nümayiş etdirilib.

Qəmər Adaları İttifaqının BMT-də sabiq nümayəndəsi Mohamed Toihiri bildirib ki, Fransa tərəfindən Mayot adasında neokolonializm siyasəti hələ də davam etdirilir. Onun sözlərinə görə, adanın sakinləri çox əziyyət çəkirlər və tez-tez bir yerdən digər yerə köçürülürlər. Bu əziyyətlər nəticəsində minlərlə ada sakini həyatını itirib, on mindən çox insan adadan qovularaq çıxarılıb. “Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik”, – deyən Mohamed Toihiri konstitusiyada Qəmər adaları ilə bağlı dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir və ada sakinlərinin hüquqlarını nəzərə almır.

Qəmər Adaları İttifaqının təmsilçisi, hüquq müdafiəçisi Mohamed Rafsandjani Hassani Fransa Konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsinin saxtalaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, bu, Fransa tərəfindən Qəmər adalarının qanunsuz olaraq zəbt edilməsi deməkdir. O, həmçinin Mayotun Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyandan da danışıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev isə qeyd edib ki, Fransanın məqsədi Mayot adasında yerləşdirdiyi silahlı qüvvələrinin mövqeyini gücləndirməkdir. Onun sözlərinə görə, bu ölkəni adanın sakinlərinin həyat şəraiti maraqlandırmır.

BMTM-in şöbə müdiri bildirib ki, İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə qəbul edilən BMT Nizamnaməsi vətəndaşların hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edir və insan hüquqları ilə bağlı ali prinsipləri rəhbər tutur. “BMT-nin 1960-cı ildə qəbul etdiyi qətnaməsinin tələblərini pozan Fransa Qəmər Adaları İttifaqının sərhədlərinə müdaxilə edir və işğal siyasəti aparır. Fransa 2011-ci ildə Mayotu özünün müstəmləkəsinə çevirib”, – deyə C.Vəliyev bildirib. O vurğulayıb ki, Fransa müstəmləkəçilik siyasəti aparmaqla digər xalqların, ölkələrin hüquqlarını pozur.

Qəmər Adaları İttifaqı Üçüncü Yol Kollektivinin (C3V) QHT nümayəndəsi Nadia Tourqui, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktorunun müşaviri Aytən Qəhrəman, Qəmər Adaları İttifaqının nümayəndəsi, Demokratik Cəbhənin üzvü Mohamed Monjoin, Mayot adasının Maore Komitəsinin vitse-prezidenti Ambidi Said Mattoir və digərləri çıxış edərək Mayotun Fransaya birləşdirilməsi nəticəsində qəmərlilərə vurulmuş ziyan və fransız müstəmləkəçiliyinin yaratdığı problemlər barədə fikirlərini bildiriblər. Vurğulanıb ki, beynəlxalq hüquq və prinsiplər çərçivəsində hər bir xalqın öz müqəddəratını müəyyən etmək hüququ vardır və bu hüquqlar qorunmalıdır.

Qeyd olunub ki, Fransa Mayotun işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələrə məhəl qoymur. Qəmər Adalarının təmsilçiləri bildiriblər ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək məqsədli şəkildə Mayotun işğalı məsələsini lokallaşdırıb, eləcə də işğal faktının beynəlxalq təşkilatlar səviyyəsində saxlanılmasına imkan vermir, bununla bağlı bütün təşəbbüsləri bloklayıb.

Konfrans çərçivəsində Fransanın müstəmləkəçiliyi altında olan Mayot adasının Maore komitəsi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) arasında sentyabrın 3-də əməkdaşlıq haqqında saziş imzalanıb. Qeyd edək ki, Maore Komitəsinin əsas hədəfi Mayotu Qəmər Adaları İttifaqının tərkibinə qaytarmaqdır.

Sonra Bakı Təşəbbüs Qrupunun Mayot adası ilə bağlı hazırladığı fləşmobla Qəmər Adaları İttifaqının ərazi bütövlüyünə tam dəstək ifadə olunub.

Konfransın sonunda yekun bəyanat qəbul edilib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə son bir il ərzində 16 beynəlxalq tədbir keçirilib. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.