Sentyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
TAN.AZ xəbər verir ki, əvvəlcə Komissiyanın sentyabrın 9-da keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda öncə müraciətlər barədə ətraflı məlumat verilib, beynəlxalq müşahidə missiyalarının təmsilçilərinə, media nümayəndələrinə və maraqlı subyektlərə daxil olan müraciət və məlumatların hərtərəfli, obyektiv və şəffaf araşdırılması prosesində yaxından iştirak etmək üçün hər cür imkan yaradıldığı vurğulanıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə də baxılıb.