Home Gündəm Azərbaycan-İtaliya strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edilib

Azərbaycan-İtaliya strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edilib

22
0
SHARE

Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, müdafiə və təhlükəsizlik aspektləri, parlamentlərarası əlaqələr və humanitar məsələlər üzrə əməkdaşlıq müzakirə olunub.

İki ölkə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyəti, bu istiqamətdə həyata keçirilmiş irimiqyaslı layihələrin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Əməkdaşlığımızın alternativ enerji mənbələrinin inkişafı sahəsində davam etdirilməsi üçün mövcud imkanlardan istifadənin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin təhsil, mədəniyyət, turizm və idman sahələri üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimiz, COP29-un yaratdığı yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.

Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatından bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının prosesə əsas maneə törətdiyini qeyd edib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.