Home Gündəm Arzu Nağıyev: Gürcüstanda soydaşlarımızın aktiv iştirak etdiyi seçkilərin nəticələri regionun parçalanmasının qarşısını...

Arzu Nağıyev: Gürcüstanda soydaşlarımızın aktiv iştirak etdiyi seçkilərin nəticələri regionun parçalanmasının qarşısını aldı

38
0
SHARE

Parlament seçkiləri ilə bağlı Gürcüstanda səsvermə başa çatdı, proporsional sistem üzrə 150 deputatın seçildiyi seçkilərdə 5 %-lik bariyeri keçən partiyalar artıq məlumdur.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib.

Arzu Nağıyev deyib ki, Gürcü Arzusu Partiyası exit-pollara və Gürcüstan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə irəlidədir: “Mən də daxil olmaqla, Azərbaycan parlamentinin 8 deputatından ibarət müşahidə missiyası da seçkilərdə iştirak etdi. Gürcüstanda 300 minə qədər azərbaycanlı yaşayır və maraqlı məsələlərdən biri azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində olan 5 rayonda da səsvermənin ən yüksək səviyyədə olması idi. Azərbaycanlıların kompakt yaşadığı bölgədə səsvermədə iştirak faizi 50 %-dən yuxarı olub, soydaşlarımız öz iradələrini ortaya qoyublar. Soydaşlarımıza bir daha təşəkkür edirik ki, Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini dəstəklədilər. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Bugünkü günə artıq hakim partiyanın siyahısı ilə 2, müxalifətdən isə 1 soydaşımızın deputat seçildiyi barədə məlumat var”.

Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri qeyd edib ki, parlament seçkilərində hakim partiyanı dəstəkləyənlər bu gün sülhə, müharibənin əleyhinə, Qərbin ortaya tulladığı anomal dəyərlərin əksinə səs verdilər: “Seçkilərin nəticəsi Qərbin Gürcüstanda həyata keçirməyə çalışdığı regionda ayırıcı xətlərin yaradılması siyasətinə zərbə oldu. Baxmayaraq ki, Gürcüstanın Konstitusiyasında da avrointeqrasiya təsbit olunub. Gürcüstan vətəndaşları məhz Qərbin ümumi regionda olan marağının əleyhinə səs verdilər. Qərb ümumən regionda hegemonluq etmək istəyir və bu yöndə siyasət yürütməyə çalışır. Gürcüstan vətəndaşları, gürcü xalqı bu seçkidə öz sözünü dedi, müstəqil mövqeyini ortaya qoydu”.

Arzu Nağıyev vurğulayıb ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqil və dönməzdir: “Bizə qarşı təsir mexanizmlərindən istifadə edə bilmədikləri üçün Qərb diqqəti Ermənistan və Gürcüstana yönəldib. Ancaq Gürcüstanda da fiaskoya uğradılar. Gürcüstanda soydaşlarımızın aktiv iştirak etdiyi parlament seçkilərinin nəticələri regionun parçalanmasının qarşısını aldı. Bir daha dünya gördü ki, Ermənistanın hansı siyasət yürütməsinə baxmayaraq, azərbaycanlılar, eyni zamanda gürcülər Qərbin müstəmləkəsinə çevrilmək istəmirlər, bu siyasət bizim ölkələrdə həyata keçməyəcək. Bu gün Gürcüstan-Azərbaycan birliyi var, bu, həm də tarixi köklərə söykənir. Biz böyük layihələrdə tərəfdaşıq. Məlumdur ki, bizim böyük şirkətlər Gürcüstanda çox ciddi layihələr həyata keçirir. Biz birlikdə güclüyük və öz maraqlarımızı müdafiə etməyə qadirik. Yeni seçilən Gürcüstan parlamenti ilə də Milli Məclis, dostluq qrupları səviyyəsində bundan sonra əməkdaşlıq etməyə davam edəcəyik. Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini müzakirə edəcəyik və problemlərin həlli üçün addımlar atılacaq. Birmənalı şəkildə bu gün Gürcüstanda keçirilən seçkilərin nəticələri Azərbaycanla Gürcüstan arasında olan münasibətlərin inkişafına təkan verəcək amil kimi səciyyələndirilməlidir”.