Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, tədbirdə çıxış edən Ceyhun Bayramov bugünkü iclasın olduqca mürəkkəb dövrə təsadüf etdiyini deyib. Bildirib ki, beynəlxalq hüququn pozulması, beynəlxalq öhdəliklərin yanlış təfsiri və selektiv şəkildə tətbiqi inam və etimadın azalmasının, habelə çoxtərəfliliyin davam edən böhranının əsasında dayanır. Eyni zamanda, təhlükəsizlik və sabitlik heç bir sərhəd tanımayan, çoxtərəfli həllər tələb edən artan transmilli çağırışların mövcudluğuna görə təhdid altındadır.
Qeyd olunub ki, Avropada islamofobiya və antisemitizm kimi etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur. ATƏT-ə üzv olan müvafiq dövlətlərin Təşkilat çərçivəsində aidiyyəti və beynəlxalq öhdəliklərinə əməl etmələri son dərəcə vacibdir.
Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in bütün sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə hörmət edilməsi və əməl olunması, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət təhlükəsizlik və sülhün təməl daşı, eləcə də dialoq və əməkdaşlıq üçün əsas olmalıdır.
Nazir deyib ki, Azərbaycan ATƏT-in də daxil olduğu effektiv çoxtərəfliliyin güclü tərəfdarı olaraq qalır və büdcənin qısa zamanda qəbul edilməsi, habelə ATƏT-in funksionallığı ilə bağlı, baş katibin və icra strukturlarının rəhbərlərinin təyin edilməsi məsələsi ətrafında yaranmış çıxılmaz vəziyyətin həll olunması məsələlərinin həllində konstruktiv qarşılıqlı fəaliyyətə çağırır.
“Təşkilatın məhdud resursları ATƏT-in maliyyə qaydalarına tam uyğun olaraq, ən çox ehtiyacın duyulduğu istiqamətə, aktual və konsensusun mövcud olduğu proqram fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilməlidir”, – deyə C.Bayramov əlavə edib.