Azərbaycanla çoxşaxəli və strateji səviyyədə inkişaf edən əlaqələrimiz 2010-cu ildə ölkə başçıları səviyyəsində “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” mexanizminin təsis olunması ilə zirvəyə çatdırılıb. Şuşa Bəyannaməsi ilə isə əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Əlaqələrin gücləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var.
Türkiyə və Azərbaycan üçtərəfli və dördtərəfli əməkdaşlıq mexanizmləri ilə yanaşı, 3+3 regional əməkdaşlıq platforması və Türk Dövlətləri Təşkilatı kimi çoxşaxəli platformalar vasitəsilə də regional sabitlik, sülh və rifaha töhfə verməkdədir.
TAN.AZ xəbər verir ki, bu fikirlər Türkiyə XİN-nin açıqlamasında yer alıb.
Açıqlamada, həmçinin qeyd olunub ki, Azərbaycanın 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini 2023-cü ildə bərpa etməsi ilə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün yaranmış tarixi fürsətin qiymətləndirilməsi istiqamətində səylər sürətlənib. Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və yaxşı qonşuluq münasibətlərinin qurulmasını arzulayır.
Bildirilib ki, Türkiyə Azərbaycanda qeyri-neft sektorlarına ən çox investisiya qoyan ölkədir və birbaşa investisiyalarının ümumi məbləği 17 milyard ABŞ dollarını ötüb. Azərbaycandan isə Türkiyəyə 21 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.