Ümid edirəm ki, pandemiya bitdikdən sonra biz yenidən Bakıda görüşə biləcəyik, çünki Bakı ənənəvi olaraq Məşvərət Şurasının toplantılarının keçirildiyi şəhərdir. Fürsətdən istifadə edərək, birgə fəaliyyətimizi davam etdirmək üçün sizi gələn il Bakıya səfərə dəvət edirəm.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında deyib.
Dövlət başçısı bildirib: “Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur.
Artıq dediyim kimi, Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməliyik. Ümid edirəm ki, pandemiya bitdikdən sonra biz yenidən Bakıda görüşə biləcəyik, çünki Bakı ənənəvi olaraq Məşvərət Şurasının toplantılarının keçirildiyi şəhərdir. Fürsətdən istifadə edərək, birgə fəaliyyətimizi davam etdirmək üçün sizi gələn il Bakıya səfərə dəvət edirəm”.