“Prezidentimizin sözü qətidir və xalq ona inanır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, eləcə də qızları Leyla Əliyevanın işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olmaları, Horadiz rayonunda, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird Su Elektrik Stansiyasının açılışı, Zəngilan rayonunda Ağıllı Kənd Layihəsinə start verilməsi, yaşıllıqların salınması, yeni əkin sahələri ilə tanışlıq göstərir ki, Prezidentimizin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən darmadağın edilmiş, viran qoyulmuş şəhər və kəndlərimiz, rarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaq.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri əminliklə bildirib ki, tez bir zamanda Qarabağda normal həyat təmin ediləcəkdir.
“Qarabağın cənnətə çevriləcəyi barədə ölkə rəhbərinin söylədikləri bir reallıqdır. Çünki Cənab Prezident verdiyi sözün, vədin sahibidir. Müharibədən əvvəl söylədiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” kəlmələri ilə Cənab Prezident dünyaya, Azərbaycanın haqq səsini uzun müddət eşitməyənlərə, torpaqlarımızın 30 il düşmən tapdağı altında qalmasına şərait yaradanlara, təcavüzkarlara kömək edənlərə, beynəlxalq təşkilatların qərar və qətnamələrini saya salmayanlara, hesaba almayanlara bir mesaj verdi. O, sözünü sülhə, ədalətə arxalanaraq dedi. Ancaq əməl olunmadığını görəndə dəmir yumruğunu işə saldı, şanlı ordumuzun gücünə arxalandı, dünyaya öz gücünü və iradəsini göstərdi. Düşmən əzildi, məhv edildi, xalqın nisgilinə, həsrətinə son qoyuldu.
Bu gün isə Azərbaycan Prezidenti azad nəfəs alan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı öz Prezidentinə inanır və güvənir. İnsanlar inanırlar ki, tez bir zamanda müharibədə olduğu kimi, ərazinin bərpa edilməsində də böyük uğurlar qazanılacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır. Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir”, deyə Tahir Rzayev bildirib.