Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra ilk dəfədir ki, kaputiliyasiya aktına imza atmış Ermənistanda rəsmi şəkildə kommunikasiyaların açılmasından danışırlar və bu, baş nazir tərəfindən dilə gətirilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, şübhəsiz ki, bu, özlüyündə yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır: “Ancaq bu, hələ heç də o demək deyil ki, Azərbaycan 30 il torpaqlarımızı işğal altında saxlamış, xalqımıza qarşı hərbi cinayətlər, soyqırımı törətmiş, tarixi, dini və mədəni abidələrimizi yerlə yeksən etmiş bir öklə ilə dərhal əməkdaşlığa başlayacaq. Üstəlik, hamımıza məlumdur ki, Ermənistanda hələ də revanşist qüvvələr, terrorçu birləşmələr var və onlar bizdən qisas almaq kimi faşist düşüncələrdən hələ də əl çəkməyiblər. Ancaq bununla belə, biz həm də başa düşürük ki, Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regionla əmkədaşlıqdan keçir. Bunun üçünsə ən yaxşı başlanğıc üçtərəfli razılaşmada göstərildiyi kimi, yol-nəqliyyat və və enerji kommunikasiyalarının açılması ola bilər. Ermənistanın baş naziri N.Paşinyan da elə bu məsələlərin aktuallığına toxunaraq onun ermənilərin mənafeyi baxımından da aktual olduğunu dilə gətirib”.
Deputatın fikrincə, qeyd etmək lazımdır ki, Paşinyanın mövzu ilə bağlı publik açıqlama vermək üçün əslində doğru zaman seçib: “Çünki bu tipli açıqlamaları bir qədər əvvəl versəydi, erməni ictimai rəyi buna hazır olmayacaqdı və elə buna görə də real addımların atılması daha da çətinləşəcəkdi. Ancaq İrəvanda keçirilən 20 fevral mitinqlərindən sonra Paşinyan bir daha yəqin etdi ki, onun xeyli sayda tərəfdarı var və yeni reallığı Ermənistanda qəbul edənlərin sayı hər gün daha çox artmaqdadır. Mitinq ərəfəsində keçirilən rəy sorğusunda Paşinyanın hakimiyyətdə qalmasını istəyənlərin təqribən 34 faizə çatması da onu belə açıq danışmağa cəsarətləndirən faktorlardan biri oldu. Mövcud reallığı ən yaxşı bilənlərdən biri də Ermənistanın müdafiə naziridir ki, o da Paşinyanın açıqlamalarına bənzər fikirlər söyləməklə, əslində, öz baş nazirini dəstəkləmiş oldu. Və nəhayət, Ermənistan region dövlətlərinin hamısının əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirməklə ilk dəfədir ki, onların da mənafeyini qəbul etməyin zərurəti ilə bağlı reallığı qəbul etmiş oldu. Bütün bunlar isə regional sülh və əməkdaşlıq baxımından müsbət irəliləyişlərdir. Azərbaycanın da məqsədi elə regionumuzda uzunmüddətli və davamlı sülhə nail olmaqdır”.