Home Manşet Qarabağ böyük investisiya məkanı olacaq

Qarabağ böyük investisiya məkanı olacaq

309
0
SHARE

Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərinin bərpası – ən azı yaxın on il ərzində ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri olacaq. Bu məsələ ölkə rəhbərliyinin çıxışlarında da dəfələrlə vurğulanıb.

Hazırda Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Bölgədə yaranmış yeni iqtisadi və siyasi konfiqurasiya dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq iqtisadi təşkilatların diqqət mərkəzindədir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib.

Martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni prezidenti Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edən İlham Əliyev bir daha İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyəti izah etdi və Azərbaycanın qarşıdakı illərdə reallaşdıracağı layihələr barədə məlumat verdi. Onu da qeyd etmək istərdim ki, Azərbaycan AYİB ilə 30 ildə çox güclü tərəfdaşlıq əlaqələri qurub. Bank iqtisadiyyatın şaxələndirilməsində Azərbaycana dəstək verib. 3 milyard avrodan çox məbləğdə layihələrin maliyyələşdirilməsi də bunun əyani sübutudur.

Ölkə başçısının da görüşdə vurğuladığı kimi, indi əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Artıq böyük tikinti-quruculuq işlərinə start verilib, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr planlaşdırılıb, o cümlədən sosial infrastruktur yenilənir. Qarabağda beynəlxalq hava limanı, avtomagistrallar tikilir, dəmir yolu xətləri inşa edilir. Qarşıdakı mərhələlərdə isə işğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün enerji təchizatı 100 faiz tamamlanacaq. Digər əhəmiyyətli layihələr də gerçəkləşdiriləcək. Azərbaycan bu məsələlərdə də Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənir.

Bir müddət öncə İlham Əliyev işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan edib. Azərbaycan əsasən su, günəş və külək kimi bərpaolunan enerji mənbələrindən istifadə etməyi planlaşdırır. Çox güman ki, bu layihələrin reallığa çevrilməsində AYİB-nin dəstəyi olacaq.  Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq.

Bu artıq bir faktdır ki, həm İqtisadi Əməkdaşlıq Təşkilatının  üzv ölkələri, həm də AYİB artıq Azərbaycanın yeni layihələri ilə yaxından maraqlanmağa başlayıblar.

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formalaşıb. Respublikamız iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, dünya ölkələri arasında öncül yerlərdən birini tutub. Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın potensial maliyyə və iqtisadi imkanları yüksək qiymətləndirilib. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı