Home Manşet Əfv Sərəncamı ölkə vətəndaşlarına ali diqqətin bariz nümunəsidir

Əfv Sərəncamı ölkə vətəndaşlarına ali diqqətin bariz nümunəsidir

715
0
SHARE

Prezident İlham Əliyevin növbəti Əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir.  Dövlət başçısının bu addımı təbiidir ki, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Budəfəki Əfv Sərəncamı ilə cəzaçəkmə müəssisələrində saxlanılan 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirdi. Bu mühüm məqamı da unutmayaq ki, əfv Sərəncamı təkcə 475 nəfərə deyil, həmin şəxslərin hər birinin ailəsinə, övladlarına, valideynlərinə bəxş olunan sevincdir ki, bu da ümumilikdə yüzlərlə insanın sevinci deməkdir. Müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək  həbsə alınan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən, eyni zamanda islah olunma istiqamətində müsbət nəticələr əldə edən məhkumlar azad cəmiyyətə qovuşdular və şübhə yoxdur ki, onlar ictimai həyatda öz yerlərini tutacaqlar. Əfv sərəncamının bayram ərəfəsində imzalanması isə cəmiyyətdə gözəl ovqat yaratdı. Çünki həm əfvə düşən insanlar, həm də onların ailə üzvləri və yaxın qohumları bayramı daha yüksək əhvali-ruhiyyədə qeyd etdi. Əfv olunmaları isə həm də həmin insanlara bundan sonra həyatda öz yollarını düzgün seçməklə bağlı verilmiş çox gözəl imkan və şansdır. Bu şansın verilməsi isə Azərbaycan dövlətinin humanizm siyasətinin mahiyyətindən və məzmunundan irəli gəlir.

Hər zaman penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan cənab İlham Əliyev bir daha göstərdi ki, həyata keçirdiyi siyasətə bütün hallarda sadiqdir. Dövlətimizin başçısı bu əfv sərəncamı ilə hər bir vətəndaşımızın prezidenti olduğunu, ölkəmizin insan hüquq və azadlıqları prinsiplərinə sadiqliyini və bu sahədə işlərin müxtəlif islahatlar vasitəsilə daim təkmilləşdiyini bir daha sübut etdi. Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Bildiyimiz kimi, demək olar, hər Novruz bayramı ərəfəsində cənab İlham Əliyev tərəfindən bu addım atılır. Siyasi baxışından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, törətdiyi cinayət əməli və ya hüquqpozma əməlindən peşman olmuş, səhvini etiraf etmiş və ya səhhəti, ailə vəziyyəti ilə əlaqədar olaraq, bir qrup insan cənab prezidentimizin humanizm və mərhəmətindən irəli gələn əfv sərəncamı ilə cəza çəkməkdən azad olunur. Azad olunanlar buna görə Prezident İlham Əliyevə, eyni zamanda, bu işdə yüksək səviyyədə səylərini, zəhmətini əsirgəməyən Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq bildirirlər.

Dövlətimiz üzərinə düşən məsuliyyəti qəbul etdiyi mühüm əhəmiyyətli dövlət proqramları, qanunlarla, imzalanan Fərman və sərəncamlarla gerçəkləşdirirsə, ölkə vətəndaşları da onların icrasına verdikləri töhfələrlə cavablandırmalıdırlar. Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərləri dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirən Azərbaycan davamlı addımları ilə bu reallığı da diqqətə çatdırır ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcək üçündür. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” fikri ilə prioritetləri açıqlayan möhtərəm Prezidentimiz İlham Əliyev, eyni zamanda, hər zaman bildirir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir, biri digərsiz mümkün ola bilməz. Beləliklə, bu Sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı