Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və TASS-ın baş direktoru Sergey Mixaylov əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
İşguzar görüş TASS-ın Moskvadakı qərargahında baş tutub.
Danışıqlar iki qurum arasındakı əlaqələrin möhkəmləndirilməsi perspektivləri, informasiya sahəsindəki qarşılıqlı əlaqələr və mümkün ortaq proqramlar barədə aparılıb. TASS və Trend rəhbərləri əməkdaşlığın genişləndirilməsi üçün planlar hazırlamaq barədə razılıq əldə ediblər.
TASS Rusiyanın 116 illik tarixə sahib olan ən qədim dövlət informasiya agentliyidir. Agentlik bütün Rusiyada və dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərir, ən vacib və maraqlı hadisələrin tam və hərtərəfli işıqlandırılmasını təmin edir.
Trend Beynəlxalq İnformasiya Agentliyi 1995-ci ildə Azərbaycanda təsis edilən müstəqil informasiya agentliyidir. Xəzər bölgəsi, Cənubi Qafqaz və Orta Asiyadan olan xəbərləri oxuculara təqdim edir. Agentlik bu bölgələrin əsas siyasi, iqtisadi, enerji və maliyyə məsələlərinə dair analitik hesabatlar və məqalələr hazırlayır.