Home Manşet Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib (FOTO)

728
0
SHARE

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvadakı “Bizim evimiz” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində (ATDM) olublar.

Trend xəbər verir ki, uşaq evinin direktoru Vadim Menşov çoxillik dostluq və dəstəyə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

O deyib: “Biz Azərbaycanı çox sevirik, uşaqlarımıza göstərdiyi qayğıya görə Leyla xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Leyla Əliyeva tez-tez bizim uşaq evini ziyarət edir, onun gəlişi uşaqlar üçün həmişə bayrama çevrilir”.

Təşkilatın rəhbəri qeyd edib ki, “Bizim evimiz” mərkəzinin kollektivi və yetirmələri dəfələrlə Azərbaycanda olublar. “Bizim 1 saylı Bakı uşaq evindən olan həmkarlarımız və uşaqlar ilə çox gözəl münasibətlərimiz var. Biz bir ailə olmuşuq, hər gün əlaqə saxlayırıq və yenidən görüşəcəyimizi arzu edirik. İnanırıq ki, sərhədlər tezliklə açılacaq və biz yenidən Azərbaycana səfər etmək imkanı əldə edəcəyik”, – deyə o bildirib.

Heydər Əliyev Fondunun nümayəndələri Moskva və Bakı uşaq evlərindən olan uşaqların pandemiyaya qədər bir-birinə tez-tez səfərlərindən danışıb, tezliklə görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqlara kitablar, oyuncaqlar və şirniyyatlar təqdim edib, onları hədiyyələrlə sevindiriblər.