Biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilmişdir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən energetiklərlə görüşü zamanı çıxışında deyib.
Dövlət başçısı bildirib:
“Əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılmışdır. Vaxtında təmir işləri aparılmamışdır. Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmamışdır. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilmişdir. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanmışdır. “Azərenerji”nin rəhbərliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəymişdir. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bilmişik və itirilmiş generasiya gücləri bərpa edilmişdir.
Deyə bilərəm ki, 1300 meqavata qədər itirilmiş generasiya gücləri son iki il ərzində mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər “Mingəçevir” İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi. 2400 meqavat gücündə olan və bu gün tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və o, bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək.
“Cənub” Elektrik Stansiyasının təmiri nəticəsində orada 200 meqavat generasiya gücü bərpa olunmuşdur. Modul tipli stansiyalarda 200 meqavatdan çox generasiya gücü bərpa edildi. “Mingəçevir” və “Şəmkir” su elektrik stansiyalarında 230 meqavat generasiya gücü bərpa edildi. Digər stansiyalarda da işlər aparıldı və bütövlükdə iki il ərzində biz 1300 meqavat itirilmiş gücləri bərpa etdik. Hesab edirəm ki, bu, çox böyük tarixi hadisədir. 1300 meqavat gücündə yeni stansiyaları tikmək bizə milyardlarla dollara başa gələ bilərdi. Ancaq “Azərenerji” bunları çox məhdud büdcə ilə sahmana saldı və bu gün bu stansiyalara yeni həyat verilmişdir.