Home Manşet Azərbaycanın Türk Şurasına sədrliyi dövründə qurumun fəaliyyətində ciddi aktivlik müşahidə olunub –...

Azərbaycanın Türk Şurasına sədrliyi dövründə qurumun fəaliyyətində ciddi aktivlik müşahidə olunub – Tamam Cəfərova

590
0
SHARE

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti eyni soykökə malik xalqların və dövlətlərin bir-birilə əməkdaşlığı və yeni əlaqələrin qurulması baxımından çox vacibdir. Bu nöqteyi-nəzərdən mart ayının 31-də keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışını işğaldan azad olunan torpaqlarımıza həsr etməsi ölkə başçısının bütün platformalarda ölkənin milli maraqlarını hər şeydən üstün tutduğunun növbəti təzahürüdür.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyinin pandemiya dövrünə təsadüf etdiyini qeyd edən millət vəkili bildirib ki, buna baxmayaraq, Azərbaycanın Şuraya sədrliyi dövründə qurumun fəaliyyətində ciddi aktivlik müşahidə olunub. 2009-cu ildə Naxçıvan sazişinin imzalanması ilə yaranan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu gün dünyada kifayət qədər nüfuzlu və özünütəsdiq etmiş bir qurum kimi fəalliyyət göstərir. 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Zirvə görüşündə rəhbərliyin Azərbaycana keçməsi ilə qurum COVİD-19 pandemiyası ilə mübarizədə və bir çox önəmli qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış edib. Bu, özlüyündə qlobal həmrəylik və əməkdaşlıq nümunəsi idi.

T. Cəfərova qeyd edib ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməklə xüsusilə qonşu və region dövlətləri üçün yeni reallıqlar yaradıb. Bununla yanaşı, 30 il ərzində Ermənistanın tutduğu mövqe bütün regionun inkişafına öz mənfi təsirini göstərib və təəssüf ki, beynəlxalq təşkilatlar da bu məsələdə kifayət qədər təsirli ola bilməyib. Beləki, rəsmi İrəvanın ötən illər ərzində yürütdüyü siyasət münaqişəni beynəlxalq hüquq müstəvisində sülh vasitəsilə həll olunmasını mümkünsüz etdi. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir.

Bütün bunlara baxmayaraq, Azərbaycan hərbi-siyasi yolla işğal altında olan torpaqlarını düşməndən azad etdi. Bununla da, münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaradıb. Təbiki, yeni reallıqlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti üçün mühüm strateji istiqamətlər açıb. Münaqişənin həlli nəticəsində yaradılan yeni imkanlar arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu baxımdan, bu gün Cənubi Qafqazda nəqliyyat-kommunikasiya sahəsi əsas əməkdaşlıq hədəflərindən biridir. Xüsusilə qeyd etrməliyik ki, Naxçıvanı ölkəmizin əsas hissəsi və qardaş Türkiyə ilə birləşdirəcək tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yeni nəqliyyat-kommunikasiya xətlərinin formalaşması baxımından önəmli rola malikdir. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi”. Ölkə Başçısmız bu sözləri ilə Zəngəzurun geostrateji baxımdan nə qədər önəmli olduğunu bir daha diqqətə çatdırıb. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Azərbaycan hazırda bu dəhlizin açılması istiqamətində fəal iş aparır.

T.Cəfərova vurğulayıb ki, yaranmış yeni reallıqlar region dövlətləri və dost ölkələr arasında münasibətlərin daha da inkişaf etməsində və yeni müstəviyə qalxmasında mühüm rol oynayacaq.