Home Cəmiyyət Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları günün ən aktual təhlükələrinə qarşı vahid...

Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları günün ən aktual təhlükələrinə qarşı vahid cəbhədə…

1071
0
SHARE
Azərbaycan Rusiya

Arzu Nağıyev: “Son vaxtlar Azərbaycanın şimal, Rusiyanın cənub istiqamətlərində aparılan birgə tədbirlər və onların uğurlu alınması göstərir ki…”

Arzu Nağıyev

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib…

Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ufada keçirilən görüşü mühüm əhəmiyyətli saymaq olar: “Orada  dünyanın müxtəlif ölkələrində təhlükəsizlik sahəsinə cavabdeh olan çoxlu sayda ali qonaq iştirak edib. Əsas məsələ qlobal təhlükəsizliklə bağlı olub. Bilirsiniz ki, bu cür təhlükələr bəşəri xarakter daşıyır. Onlarla hansısa ölkənin təkbaşına mübarizə aparması da effekt vermir. Çox maraqlıdır ki, görüşün yeri kimi 5 il əvvəl Kazan, bu gün isə Ufa seçilib. Hər iki şəhər Rusiyanın müsəlman inanclı kateqoriyasının yaşadığı məkan kimi tanınır. Burada da məqsəd odur ki, məhz təhlükəsizlik təhdidinin qarşısının alınmasında Rusiyanın müsəlman kəsiminin də aktiv rola malik olması diqqətə çatdırılsın. Azərbaycan həmin tədbirdə çox yüksək statusda, cənab Ramiz Mehdiyev səviyyəsində təmsil edilib. Akademikin keçirdiyi əsas görüşlərdən biri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə oldu. Həmin görüşdə təhlükəsizlik sahəsində olan əməkdaşlığımızın genişlənməsi ilə bağlı razılaşma əldə edildi. Biz kibertəhlükəsizliklə mübarizədə birgə fəaliyyət göstərə bilərik. Rusiya nümayəndəsi bu məsələni xüsusi qabartdı ki, ABŞ və Qərbin bəzi dairələri Rusiyaya həmin sahədə problemlər yaradır. Regional təhlükəsizlik məsələlərinə gəldikdə, təbii ki, Azərbaycanla Rusiyanın xidmətləri arasında ikitərəfli əlaqələr mövcuddur. Biz həm MDB, həm də digər məkanlarda uğurlu əməkdaşlıq edirik. Son vaxtlar Azərbaycanın şimal, Rusiyanın cənub istiqamətlərində aparılan birgə tədbirlər və onların uğurlu alınması göstərir ki, bizim məlumat mübadiləmiz var. Biz ümumi təhlükə hesab etdiyimiz məsələlərlə bağlı bir-birimizə ötürdüyümüz informasiyalar əsasında tədbirlər keçirə bilirik. Azərbaycan coğrafi mövqeyinə görə çox həssas nöqtədədir. Burada məlumatların toplanması mühüm əhəmiyyət kəsb edir. Bu da Rusiya və Azərbaycan arasında uğurla davam etdirilir. Bizim ümumi mübarizə apardığımız və real nəticələr əldə etdiyimiz sahələr narkotiklərin qanunsuz dövriyyəsi, terrorizm, qanunsuz pulların “yuyulması” və s. istiqamətindədir. Bu cinayətlərin həyata keçirilməsində hədəf kimi hər iki ölkənin ərazisi seçilir. Əldə olunan razılaşmaların ruhundan hiss edilir ki, bundan sonra da bizim təhlükəsizliyimizə olan təhdidlərin neytrallaşması daha da asanlaşacaq. Görüşdə cənab Ramiz Mehdiyev Azərbaycanı və regionu ciddi narahat edən erməni terrorizmdən də danışıb. Bu amilin aradan qaldırılması isə bütün region və dünya üçün mühüm əhəmiyyət kəsb edir”.